Ucarda özünü yandıran Qarabağ veteranının əlilliyi dayandırılmayıb.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən sorğusuna cavab olaraq bildirilib ki, Ucar rayon sakini, I Qarabağ müharibəsi veteranı Həsənov Nazir Məmmədhəsən oğlunun əlilliyinin dayandırılması barədə qeyd edilənlər tamamilə əsassızdır.
"Belə ki, ona hələ 2021-ci ilin may ayından 5 il müddətinə ümumi səbəbdən əlillik təyinatı aparılıb və o, əlilliyə görə aylıq müavinətlə, həmçinin müharibə veteranı kimi aylıq təqaüdlə təmin edilib.
N.Həsənovun əyani müayinəsi zamanı müəyyən edilmiş, əlillik təyinatına əsas verən xəstəliyinin (baş-beyin xəstəliyi nəticəsində yaranan şəxsiyyət-davranış pozğunluqları) hərbi xidmətlə əlaqəsi olmadığına görə, ona qanunvericiliyə əsasən ümumi səbəbdən əlillik təyin olunmuşdu.
Ötən dövrdə də bu qərarla bağlı heç bir narazılığı və müraciəti olmamışdır.
Bir daha baş vermiş faciə ilə bağlı təəsüfləndiyimizi bildirir, mərhumun ailəsinə səbr diləyirik!", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, ötən gün özünü yandıran Ucar rayonu, Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənov xəsətxanada aldığı xəsarətlərdən ölüb. Sosial şəbəkələrdə Nazir Həsənovun əliliyi dayandırıldığına görə intihar etməsi ilə bağlı iddialar yayılmışdı.