Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Əliyev: Azərbaycan bu gün regional nəqliyyat mərkəzinə çevrilir
Manşet / Siyasət / 3-09-2022, 12:40

Prezident İlham Əliyev: Azərbaycan bu gün regional nəqliyyat mərkəzinə çevrilir

Prezident İlham Əliyev: Azərbaycan bu gün regional nəqliyyat mərkəzinə çevrilir


Azərbaycan bu gün regional nəqliyyat mərkəzinə çevrilir.

Bunu Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Biz Xəzər dənizində ən böyük ticarət limanı inşa etmişik. Bu gün o tam gücü ilə çalışır və biz artıq onu genişləndirməliyik. O, 25 milyon ton yük və 1 milyon konteyner qəbul etmək imkanına malik olmalıdır. Biz Bakıda gəmiqayırma zavodu inşa etmişik. Biz Xəzər dənizinin şərq sahillərindən neft və digər yük daşıyan hər növ gəmilər inşa edə bilirik. Biz dəmir və avtomobil yolları tikmişik. Çin və Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə ixrac artmaqdadır və zənnimcə, artım 20 faiz səviyyəsindədir.

Bütün bu işlər Rusiya-Ukrayna müharibəsindən əvvəl görülüb. Rusiya-Ukrayna müharibəsi Xəzərin şərq sahilindəki şirkətlər üçün bir siqnal oldu ki, bu marşrut daha da yaxından nəzərdən keçirilməlidir. Biz isə yaxşı tariflər təklif edir və bütün zəruri logistika dəstəyi təmin edirik. Yəni, açıq dənizə çıxışı olmayan ölkə olaraq Azərbaycan bu gün regional nəqliyyat mərkəzinə çevrilir - təkcə Şərqdən Cənuba və geriyə deyil, həmçinin Şimaldan Cənuba. Cənub-Şimal nəqliyyat dəhlizi Azərbaycandan keçir və başqa marşrut variantı yoxdur. Həmin dəhliz, məsələn, Rusiya şirkətləri üçün əhəmiyyətli olur, çünki bu gün sanksiyalar səbəbindən onlar Avropa məntəqələrinə yük daşıya bilmir. Yəni, Azərbaycandan keçərək İrana və Fars körfəzi sahillərinə gedən marşrut Rusiya şirkətləri üçün ən cəlbedici olur. Bunu Fars körfəzindən Azərbaycan vasitəsilə Rusiyaya uzanan marşrut haqqında da demək olar.

Biz iki dəhliz üzərində yerləşirik – Cənub-Şimal və Şərq-Qərb. Əlbəttə, bu, Azərbaycanın geosiyasi əhəmiyyətini artırır və yeni iş yerlərinin yaradılmasına imkan verir. Biz Cənub-Şimal nəqliyyat dəhlizinin Şərq-Qərb dəhlizi qədər vacib olacağı qənaətindəyik. Bizim üçün onlar bərabər dərəcədə əhəmiyyətlidir. Çünki hər iki dəhliz bizim ərazimizdən keçir".

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.