Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev avqustun 12-də Ağsu və İsmayıllı rayonlarına səfəri zamanı bir sıra tədbirlərdə, o cümlədən sosial, mədəni və iqtisadi obyektlərin açılışında iştirak edib, bərpa-tikinti işləri ilə yerində tanış olub.
Səfərin sonunda Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına geniş müsahibə verib. Müsahibə zamanı, Prezident Ağsu və İsmayıllı rayonlarında aparılan konkret işlərdən bəhs etmiş, eyni zamanda ölkə miqyaslı məsələlər barədə fikir və rəylərini bildirmişdir.
Basqal ölkəmizin qədim kəndlərindən biridir. Bu yerin tarixi siması qorunmalıdır, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılmalıdır, iş yerlərinin açılması üçün yeni imkanlar olmalıdır. Basqal qəsəbəsində 179 otaqlı müasir otelin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli sakinlərdır.
Müsahibədə qeyd olunub ki, ölkədə istər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir. İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı - həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. İş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda görülən işlər, mövcud vəziyyət və gələcək perspektivlər barədə danışmışdır.
Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə olunmalıdır. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidi.
Dövlətimizin başçısı xüsusilə son günlərdə Laçın rayonu istiqamətində erməni silahlı birləşmələrinin təxribatları və onlara cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi “Qisas” əməliyyatına dair bəyanatlar vermişdir.
Prezident İlham Əliyevin bölgələrimizə müntəzəm səfərləri həmin aparılan işlərin birbaşa onun nəzarətində və diqqət mərkəzində olmasından xəbər verir.
“Qisas” əməliyyatına toxunan Prezident bildirib ki, cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi.
Bütün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər aparılır. 32 kilometr uzunluğunda olan yol cəmi bir il ərzində inşa edildi. Rusiya Müdafiə Nazirliyi ən yüksək səviyyədə bu marşrutu bizimlə razılaşdırdı və təsdiqlədi.
Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr, o qədər də hamımız üçün yaxşı olar. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək.
Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq
Qisas” əməliyyatından sonra Ermənistan yüzlərlə hərbçisini Qarabağ bölgəsindən çıxarıb. Prezident bir daha erməni tərəfinə xəbərdarlıq etdi ki, yenidən oxşar təxribatlar olacağı halda, cavabımız da eyni olacaq.