Xaçmazda şimal bölgəsində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələri Milli Mətbuat Günü münasibətilə təltif olunublar.
Azərbaycan milli mətbuatının yaranmasının 147 illiyi münasibətilə Xaçmaz Rayon İcra Hakimiyyətində mətbuat nümayəndələri ilə keçirilən görüşün əvvəlində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev mətbuat işçilərini və jurnalistləri peşə bayramları münasibətilə təbrik edib, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.
Bildirilib ki, ümumilikdə, ulu öndər Heydər Əliyev mətbuatın problemlərinin həlli ilə bağlı 10-dan çox sərəncam və fərman imzalayıb. 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun qəbul edilib. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli Sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.
Qeyd olunub ki, hazırda ölkəmizdə söz və mətbuat azadlığına, KİV-ə ən yüksək səviyyədə diqqət və qayğı var. Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının” təsdiq edilməsi, bir il sonra, 3 aprel 2009-cu il tarixində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə atılan mühüm addımlar idi.
Çıxışlarda bu il 90 yaşını qeyd edən “Xaçmaz” qəzetinin fəaliyyəti yüksək qiymətlindirilib. Redaksiya əməkdaşlarının rayonun ictimai, siyasi və mədəni həyatında yaxından iştirak etdiyi vurğulanıb.
Tədbirin sonunda kütləvi informasiya vasitələrinin nümayəndələri Milli Mətbuat Günü münasibətilə Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə mükafatlandırılıblar.