Prezident İlham Əliyev “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında Fərman imzalayıb.
Fərmanla “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 sentyabr tarixli 2907 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alınır:
- Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti “Azərsığorta” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – Cəmiyyət) çevrilmə yolu ilə yenidən təşkil edilsin.
Müəyyən edilsin ki:
- Cəmiyyət “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada sığorta fəaliyyətini həyata keçirən kommersiya hüquqi şəxsidir;
- Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Direktorlar Şurası yaradılır;
- Cəmiyyətin Direktorlar Şurası “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.4–26.1.6-cı və 29.1-ci maddələrində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir.
Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
- Azərbaycan Respublikasının Prezidentinə:
- Cəmiyyətin yenidən təşkili və ləğvi;
- Cəmiyyətin Direktorlar Şurasının üzvlərinin, o cümlədən onun sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
Azərbaycan İnvestisiya Holdinqinə:
- Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla:
- Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
- İdarə Heyətinin üzvlərinin, o cümlədən onun sədrinin və müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
- Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
- Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;
- Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;
- Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edilməsi;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
- Azərbaycan İnvestisiya Holdinqi:
- Cəmiyyətin yeni nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.