Hazırda İranın şimal-qərbində Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətləri arasında yerləşən Urmiya gölünün suyunun 95%-i quruyub.
Bunu İranın Qərbi Azərbaycan vilayəti fövqəladə hallar idarəsinin baş direktoru Əmir Abbas Cəfəri Təkab şəhərində keçirilən tədbirdə deyib.
Ə.Cəfərinin sözlərinə görə, təxminən ötən 20 il ərzində hər il gölün su səviyyəsi orta hesabla 40 santimetr azalıb.
Cəfəri əlavə edib ki, quraqlıq, suyun buxarlanması, kənd təsərrüfatının qeyri-məntiqi şəkildə inkişaf etdirilməsi və Urmiya gölünün suyundan qeyri-düzgün şəkildə istifadə edilməsi gölün qurumasının əsas səbəblərindəndir.
İranlı rəsmi deyib ki, hazırda bölgədə su çatışmazlığı ciddi böhrandır. Su ehtiyatlarından düzgün şəkildə istifadə olunmaqla Urmiya gölünün yenidən bərpa olunacağına ümid edilir.
Urmiya gölünün sahəsi 5,8 min kvadrat-kilometrdən çoxdur, uzunluğu 140 km, eni isə 55 kilometrdir.