Bildiyimiz kimi Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirilib
Azərbaycanda çox böyük tarixi hadisələr baş verir.
Azərbaycan-Türkiyə qardaşlığının simvoluna çevrilən "Teknofest" festivalının fəxrini yaşadıq. Bu həftə isə Azərbaycan çox böyük tədbirə ev sahibliyi etdi. Bildiyimiz Bakı Enerji həftəsi çərçivəsində keçirilən Neft-qaz sərgisində dünyanın bir çox ölkələrindən Azərbaycanın tərəfdaşları, müxtəlif beynəlxalq, iqtisadi qurumların nümayəndələri iştirak etdilər. Biz bununla bir daha bütün dünyaya sübut etdik ki, Azərbaycan dünyanın əvəzedilməz tərəfdaşıdır.
90-cı illərin əvvəllərində Azərbaycanda çox mürəkkəb bir siyasi vəziyyət hökm sürürdü. Ölkəmiz uçurum qarşısında idi. Həmin dövrdə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev ilk növbədə Azərbaycanda ictimai-siyasi sabitliyi bərqərar etməyə başladı, silahlı qruplaşmaların qarşısı alındı, cinayətkar dəstələr zərərsizləşdirildi. Azərbaycan inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində Azərbaycan təbii ehtiyatlarını, enerji resurslarını, Xəzər dənizinin imkanlarını dünyaya açdı. Həmin siyasət sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla, qətiyyətlə davam etdirir.
27-ci Beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil & Gas 2022" sərgisi Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbirdir. Xəzər Neft və Qaz sərgisi Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Prezident İlham Əliyev mərasimdə çıxış edərək bildirib ki, “Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan etibarlı tərəfdaşdır. Hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Azərbaycan öz öhdəliklərinə hörmət edir və tərəfdaşlarından öz öhdəliklərinə hörmət etməyi gözləyir.
İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir. Burada ilk növbədə külək və günəş enerjisi nəzərdə tutulur.
Bu gün artıq Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir. Bu potensialdan da maksimum dərəcədə istifadə oluna bilər. Təəssüf ki, bu günədək bu potensialdan tam istifadə edilməyib. Azərbaycanın mühüm tranzit ölkəsi qismində potensialı təchizatçılar tərəfindən düzgün qiymətləndirilməmişdir.
Hesab edirəm ki, bu gün artıq onlar fikirlərini dəyişiblər. Çünki hər kəs anlayır ki, şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindəndir. Biz isə enerji strategiyamızın həyata keçirilməsinin ilk günündən etibarən şaxələndirmə üzərində çalışmışıq. Bunun nəticəsində bizim şaxələndirilmiş ixrac marşrutlarımız var – müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəmərimiz mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə biz 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edirik və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırırıq.
Biz Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyirik. Bu da yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər. Biz işlərə başlamışıq və bu istiqamətdə investisiya ilə bağlı artıq praktiki addımlar atırıq. Beləliklə, hər bir məsələdə şaxələndirmə vacibdir.
Biz artıq müəyyən eyhamlar görürük və biz buna hazırıq. Biz köməyə ehtiyacı olan hər kəsə yardım etməyə hazırıq. Bunun üçün bizdə siyasi iradə var. Hər zaman bizim siyasətimiz körpülər qurmaqdan və əməkdaşlığı gücləndirməkdən ibarət olub.
Biz heç vaxt imza atdığımız müqavilənin bir sözünü belə dəyişməmişik. Biz sürətlə inkişaf edirik və əlbəttə ki, Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işləri iqtisadi potensialımızı artıracaqdır.
Xarici borcumuzun aşağı səviyyədə olması – ümumi daxili məhsulun yalnız 12.5 faizini təşkil etməsi də münbit iqtisadi şərait yaradır. Biz əlavə kreditlər götürə bilərik, sadəcə, bunu etmirik, çünki buna ehtiyac yoxdur. Biz xarici borcumuzu ümumi daxili məhsulun 10 faizi səviyyəsinə salmaq istəyirik və bununla bağlı hökumətə göstəriş vermişəm.
Dünyada məşhur “ACWA Power” şirkəti tərəfindən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, “Masdar” şirkəti tərəfindən isə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi ölkəmizdə bu istiqamətdə aparılan işlərin geniş miqyasını göstərir. Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə də bu istiqamətdə iş aparılır. Bütün bunlar ölkəmizdə qaza qənaət olunmasına və ixracına imkanlar yaradacaq.