Xəbər lenti
Dəmir yumruq » Manşet » Bu gün I qrup üzrə qəbul imtahanı keçirilir
Manşet / Cəmiyyət / 4-06-2022, 05:20

Bu gün I qrup üzrə qəbul imtahanı keçirilir

Bu gün I qrup üzrə qəbul imtahanı keçirilir

4 iyun 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Sabirabad, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda 90 imtahan binası, 1603 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 90 ümumi imtahan rəhbəri, 265 imtahan rəhbəri, 2007 nəzarətçi–müəllim, 247 buraxılış rejimi əməkdaşı, 90 bina nümayəndəsi ayrılıb.

İmtahanda 21753 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 19539 nəfər Azərbaycan, 2214 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 14442 nəfəri oğlan, 7311 nəfəri isə qızdır. 18841 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2649 nəfər əvvəlki illərin məzunudur. 20 nəfər ali təhsil müəssisələrinin, 243 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 88 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1962-ci ildən, ən gənci isə 2006-cı ildəndir.

İmtahanda 19 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.