Goranboy rayonu Heydər Əliyev parkında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Goranboy Rayon İcra Hakimiyyətinin və Milli Məclisin deputatı Anar Məmmədovun birgə təşkilatçılığı ilə şəhid və qazi ailələrinin uşaqları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün bayram tədbiri keçirilib.
Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ağsaqqalları və ziyalıları, şəhid və qazi ailələrinin üzvləri iştirak edib.
Anar Məmmədov 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə körpələri təbrik edərək, dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi məsələlərinə xüsusi diqqət yetirdiyini qeyd edib.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də bu əziz gün münasibətilə uşaqları təbrik edib, rayonda son illər uşaqların hüquqlarının qorunması, onların sağlam böyümələri və mükəmməl təhsil almaları üçün hər cür şərait yaradıldığını diqqətə çatdırıb.
Daha sonra bayram tədbiri uşaq yaradıcılıq qruplarının nümayiş etdirdiyi maraqlı bədii kompozisiyalarla və rəqslərlə davam etdirilib.
Sonda deputat və icra başçısı tərəfindən 100-ə yaxın şəhid və qazi ailəsinin övladlarına bayram hədiyyələri təqdim olunub