Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq uzun müddət koma vəziyyətində qalan N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçusu Qəhramanlı Yaqub Abdulla oğlu şəhidlik zirvəsinə ucalıb. Şəhid doğulduğu Tərtər rayonunun Dəmirçilər kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidin dəfin mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak edib.
Mərasimdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır: “44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə əldə etdi, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olundu. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşatdı. Qələbənin qazanılmasında itkilərimiz də oldu. Allah bütün şəhdilərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhid analarının hər birinin qarşısında baş əyirik. Yaqub kimi igid oğulların xatirəsi heç vaxt unudulmayacaq və gələcək nəsillərə qəhramanlıq nümunəsi olacaq”.
Mərasimdə Azərbaycanın dövlət bayrağı şəhidin atasına və yadigar qalan oğluna təqdim edilib.
Qeyd edək ki, şəhid Yaqub Qəhrəmanlı Yaşat Fondunun xətti ilə uzun müddət İstanbul şəhərində İstanbul Medicana hospitalında və İstanbul cərrahiyə xəstəxanasında müalicə alıb, hazırda isə müalicəsini Azərbaycanda davam etdirirdi.
Yaqub Qəhrəmanlının 2 yaşında oğlu yadigar qalıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!