Azərbaycan xalqının “TEKNOFEST”ə göstərdiyi maraq Türkiyədəkindən daha çox oldu.
Bunu açıqlamasında Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru Səlçuk Bayraktar.
O qeyd edib ki, “Bir millət, iki dövlət, tək festival” şüarı burada bir daha sübut edildi.
“Texnologiya yarışlarında iştirak edən gənclərimiz öz hünərlərini sərgilədilər və mükafatları Türkiyə və Azərbaycan Prezidentləri tərəfindən təqdim edildi. Həmin gənclər inanıram ki, gələcəkdə çox böyük əsərlərə imza atacaqlar. Yenidən bu formatda festivalların keçirilməsi niyyətindəyik. Doğrudan da Azərbaycan xalqı, uşaqlar elmə, texnologiyaya çox böyük maraq göstərdilər. Hətta deyərdim ki, Azərbaycan xalqının “TEKNOFEST”ə göstərdiyi maraq Türkiyədəkindən daha çox oldu” - deyə S.Bayraktar bildirib.
Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçirilir.
Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.
“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.
Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.az və Turkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.