Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov Bolqar İslam Akademiyasının (BİA) dəvəti ilə İdil bulqarlarının İslam dinini qəbul etmələrinin 1100 illiyinə həsr olunmuş beynəlxalq tədbirlərdə iştirak etmək üçün Rusiya Federasiyası Tatarıstan Respublikasının Bolqar şəhərində səfərdə olub.
A.Şirinov “Rusiya müsəlmanlarının ilahiyyat irsi” mövzusunda IV Beynəlxalq Bolqar Forumunda “Azərbaycanda ali din təhsili və dövlətin dinə qayğısı” mövzusunda məruzə ilə çıxış edib. Aİİ rektoru məruzəsində Azərbaycanda din təhsilinin tarixindən bəhs edərək bildirib ki, ölkəmiz müstəqillik qazandıqdan sonra ali dini təhsil yeni mərhələyə qədəm qoyub: “Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) yaradıldı və bununla da ölkəmizdə ali dini təhsil yeni mərhələyə qədəm qoydu”.
Ölkəmizdə ali dini təhsil verən yeganə müəssisə olan Azərbaycan İlahiyyat İnstitutu haqqında məlumat verən rektor bildirib ki, yüksək elmi təfəkkürə malik olan, milli-mədəni irsi anlayıb dəyərləndirməyi bacaran, mövcud problemlərə dair həll yolları irəli sürən, ilahiyyat sahəsində əsas biliklərə yiyələnən kadrlar hazırlamaq Aİİ-nin qarşısında duran məqsədlərdəndir.
Dövlətin dinə münasibətindən bəhs edən A.Şirinov bu sahədə görülən işlər, həyata keçirilən tədbirlər haqqında da geniş məlumat verib.
Aİİ rektoru Aqil Şirinov səfər çərçivəsində Bolqar İslam Akademiyasının rektoru vəzifəsini icra edən Aynur Timerxanovla görüşüb. Görüşdə Azərbaycan İlahiyyat İnstitutu və BİA arasında əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, konfrans və seminarların təşkili, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılması məsələləri müzakirə edilib.