Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 24-25-də Quba Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.
Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz rayonlarından gələn 72 vətəndaşı qəbul edən nazir onların müraciətlərini dinləyib, problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Daha sonra general-polkovnik V.Eyvazov şimal bölgəsi üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. Xidmətə qəbulun şərtlərinə uyğun gələn 101 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 37-si Vətən müharibəsi iştirakçısı, 7-si isə şəhid ailələrinin üzvləri olublar.
Sonda V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə müvafiq tapşırıqlar verib.