Prezident İlham Əliyev “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Sənədə əsasən, “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 10.11-ci maddəsi aşağıdakı redaksiyada verilir:
“10.11. Dövlət peşə təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təqaüd verilir.”.
Dövlət başçısı, həmçinin, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 521-VIQD nömrəli Qanununun tətbiqi və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman verib.
Fərmanla “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 521-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alınır:
1. Müəyyən edilsin ki:
1.1. “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 10.11-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 10.11-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.
2. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1230; 2019, № 5, maddə 841; 2020, № 7, maddə 893, № 11, maddələr 1360, 1362; 2021, № 6 (I kitab), maddə 573) aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
“2.1-1. həmin Qanunun 10.11-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 521-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.