Təqvim ili üzrə yay fəslinə bir həftə qalmış yaşıllıq fonunda xüsusi kontrast yaradan dağlıq ərazilərin ağ qarlı yamacları göz oxşayır. Ümumiyyətlə, bu ilin may ayı hava şəraiti ilə əlaqədar çoxtəzadlılığı ilə seçilib. Belə ki, ötən illərlə müqayisədə bu ay daha çox dəyişkən keçir, yerləşdiyimiz coğrafi mövqeyə xarakterik olmayan hava şəraiti qeydə alınır. Siklonların növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində təzyiq və temperatur kontrasları yaranıb.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
“May ayının keçən günlərinin havasının təhlili göstərir ki, 11 gün ərzində havanın temperaturu iqlim normasından 3 dərəcəyədək aşağı olub. Yağıntılı günlərin nisbətən çox olması keçən ilin müvafiq dövrü ilə müqayisədə çaylarda daha yüksək sululuğa səbəb olub. Bəzi yerlərdə düşən yağıntının miqdarı, məsələn Bakıda 29 faiz, Qubada 132 faiz, Şəkidə 57 faiz, Şamaxı və Lerikdə 72 faiz, Balakəndə 80 faiz, Kürdəmirdə 39 faiz iqlim normasından çox qeydə alınıb. Dağətəyi rayonlarda dolu düşüb, dağlıq rayonlarda 8 gün ərzində qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 18 sm, Qrızda 15 sm, Xınalıqda 14 sm olub”, - o deyib
U.Tağıyeva qeyd edib ki, küləkli günlərin sayına görə birincilik həmişə Abşeron yarımadasında olub. Lakin, son zamanlar, sanki bu “xüsusiyyət” regionlara da keçib. Belə ki, ölkə ərazisinin bəzi yerlərində may ayının 24 günündən 17-si küləkli olub. Küləyin maksimal sürəti isə mayın 7-də 35 m/s-ə çatıb.
“Nisbətən sərin keçən may ayı sanki qlobal istiləşmə mənzərəsinə uyğunlaşmır. Lakin, bu aldadıcıdır. Məhz fəsilə uyğun olmayan atmosfer proseslərinin, əlverişsiz hava hadisələrinin bütün dünya üzrə daha tez-tez müşahidə edilməsi həmin iqlim dəyişmələri anlayışının təzahürüdür. Lakin təbiətdə hava qədər dəyişkən müqayisə olunası heçnə yoxdur. Belə ki, bu həftənin ikinci yarısında hava sabitləşməyə doğru dəyişəcək. Bu da özünü həm küləyin mülayimləşməsində, həm də temperaturun tədricən yüksəlməsində və əsasən yağmursuz keçməsində göstərəcək”, - o qeyd edib.