Xəbər lenti
Dəmir yumruq » Manşet » Əsədov sərhədlərin delimitasiyasından danışdı
Manşet / Siyasət / 20-05-2022, 14:30

Əsədov sərhədlərin delimitasiyasından danışdı

Əsədov sərhədlərin delimitasiyasından danışdı

Mayın 20-də Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının video-konfrans rejimində iclası olub.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib ki, Baş nazir Əli Əsədov iclasda iştirak edib.

İclasda gündəlikdəki məsələlərə dair fikir mübadiləsi aparılıb. Əli Əsədov iclasda çıxış edərək əmin olduğunu bildirib ki, uzun illər ərzində müxtəlif səviyyələrdə yaranmış sıx əlaqələr, habelə birgə işin müsbət təcrübəsi bundan sonra da MDB çərçivəsində səmərəli əməkdaşlığa şərait yaradacaq.

Baş nazir dünyada indiki epidemioloji vəziyyətin post-pandemiya dövrünün tezliklə başlanacağını proqnozlaşdırmağa imkan verdiyini qeyd edərək Azərbaycanda COVID-19-la bağlı vəziyyəti müsbət qiymətləndirib. Pandemiyanın aradan qaldırılmasında vaksinasiya prosesinin mühüm rolunu vurğulayan Əli Əsədov qeyd edib ki, Azərbaycan 2021-ci ilin əvvəlindən vaksinasiyaya başlamış ilk ölkələrdən biri olub. Bildirilib ki, ölkədə iqtisadi canlanmanın aşkar əlamətləri müşahidə edilir, iqtisadiyyat bərpa olunmağa başlayıb. Cari ilin birinci rübündə iqtisadi artım 6,8 faiz təşkil edib.

Əli Əsədov Şura üzvlərinin diqqətini regionda münaqişədən sonrakı vəziyyətə də cəlb edib.

Baş nazir münaqişənin keçmişdə qaldığını qeyd edərək, bir daha Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdırıla bilən olmağa sadiqliyini ifadə edib:

“Bizim siyasətimiz tamamilə açıq və aydındır. Biz Cənubi Qafqazın sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət regionuna çevrilməsi məqsədilə konstruktiv dialoq və birgə iş üçün açığıq”.

Sülh sazişi ilə əlaqədar Azərbaycanın irəli sürdüyü beş əsas prinsipin Ermənistan tərəfindən qəbul edildiyini bildirən Baş nazir deyib ki, bu beş prinsip beynəlxalq hüququn əsas prinsipləridir, BMT-nin Nizamnaməsinə və Helsinki Yekun Aktına müvafiqdir.

Qeyd olunub ki, Azərbaycan maksimum konstruktivlik və xoş məram nümayiş etdirərək Ermənistan ilə münasibətləri normallaşdırmağa, sülh sazişi imzalamağa və sərhədlərin delimitasiyasına hazırdır. Şura üzvlərinin diqqətinə çatdırılıb ki, Azərbaycan sülh müqaviləsinin hazırlanması üzrə öz nümayəndə heyətinin, habelə Ermənistan ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın tərkibini artıq müəyyən edib.

Bununla bərabər, Əli Əsədov qeyd edib ki, Azərbaycan Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Üçtərəfli Bəyanatı çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərin tam həcmdə yerinə yetirilməsini gözləyir.

Bildirilib ki, 2020-ci il 9-10 noyabr tarixli Üçtərəfli Bəyanatın erməni silahlı dəstələrinin Azərbaycan Respublikası ərazisindən kənara çıxarılmasını nəzərdə tutan 4-cü bəndinin hələ yerinə yetirilməmiş qalması Azərbaycan tərəfini narahat edir.

Həmçinin qeyd edilib ki, üçtərəfli işçi qrup çərçivəsində davam edən görüşlərə baxmayaraq, Üçtərəfli Bəyanatın 9-cu bəndinə müvafiq olaraq regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasında irəliləyiş müşahidə olunmur.

Əli Əsədov daha sonra əlavə edib ki, rəsmi Bakı hər iki məsələ üzrə ən yaxın vaxtlarda ciddi irəliləyiş gözləyir və bu istiqamətdə zəruri tədbirlərin görülməsini vacib hesab edir.

Vurğulanıb ki, nəqliyyat kommunikasiyalarının, çoxşaxəli nəqliyyat arteriyaları şəbəkəsinin, o cümlədən Zəngəzur dəhlizinin açılması regiondakı bütün xalqların mənafelərinə cavab verir.

MDB Hökumət Başçıları Şurasının üzvləri işğaldan azad edilmiş torpaqların bərpası, o cümlədən avtomobil və dəmir yollarının çəkilişi, beynəlxalq aeroportların tikintisi, bu ərazilərin elektrik enerjisi ilə təmin edilməsi üzrə genişmiqyaslı işlər barədə də məlumatlandırılıb.

Baş nazir Əli Əsədov iclas iştirakçılarını bir daha əmin edib ki, Azərbaycan bundan sonra da regionda sülhün möhkəmlənməsinə və tərəqqiyə töhfə verəcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.