Xəbər lenti
Dəmir yumruq » Manşet » Regionda uzunmüddətli sülh və sabitliyin təmini post-pandemiya dövründə çox zəruridir - MM Sədri
Manşet / Siyasət / 17-05-2022, 14:49

Regionda uzunmüddətli sülh və sabitliyin təmini post-pandemiya dövründə çox zəruridir - MM Sədri

Regionda uzunmüddətli sülh və sabitliyin təmini post-pandemiya dövründə çox zəruridir - MM Sədri

Regionumuzda uzunmüddətli sülh və sabitliyin təmin olunması post-pandemiya dövründə bərpa məsələləri üçün zəruri şərtlərdən biridir. Mən sizlərə hazırda bu istiqamətdə gedən proseslər haqda məlumat vermək istərdim.

Bunu Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında Milli Məclisin (MM) sədri Sahibə Qafarova deyib.

O qeyd edib ki, 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoyub. “44 günlük Vətən müharibəsinin yekununda ölkəmiz tarixi zəfər əldə edərək öz ərazi bütövlüyünü bərpa etmişdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin icrasını özü təmin etmişdir”, - deyə o bildirib.

S.Qafarova vurğulayıb ki, işğal dövründə Ermənistan bütün kənd və şəhərlərimizi tamamilə dağıdıb, tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub.

“Məscidlərimiz, müqəddəs ocaqlarımız təhqir olunub. Torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra Azərbaycan öz vəsaiti hesabına həmin ərazilərdə genişmiqyaslı quruculuq işlərinə start verib. Hazırda işğal dövründə dağıdılmış bütün infrastruktur yenidən bərpa olunur. “Yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Artıq bu ildən etibarən keçmiş məcburi köçkünlərin öz evlərinə geri qaytarılmasına başlanacaqdır.

Onu da qeyd etmək istərdim ki, həyata keçirilən işlərə ən böyük maneə Ermənistan tərəfindən işğaldan azad edilmiş torpaqlarda basdırılmış çoxsaylı minalardır. 10 noyabr 2020-ci il tarixindən etibarən, mina partlayışları nəticəsində 210-dan çox mülki şəxs və hərbçi həlak olmuş və yaralanmışdır. Azərbaycan dünyanın ən çox minalanmış ölkələrindən biri olsa da, təəssüf ki, hələ də bu istiqamətdə ən az beynəlxalq yardım alan ölkələrdən biri olaraq qalır”, - deyə S.Qafarova vurğulayıb.

Spiker bildirib ki, 44 günlük Vətən müharibəsindən artıq bir il yarım vaxt keçir. Azərbaycan Ermənistana bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşdırılmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması barədə təklif verib.

“Biz müharibə yox, sülh və gələcək haqqında danışmaq istəyirik. Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirir. Son olaraq aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Brüsseldə daha bir üçtərəfli görüş keçirilmişdir. Həmin ərəfədə və xüsusən, bu görüşdən sonra Ermənistan Azərbaycanın sülh müqaviləsi üçün irəli sürdüyü 5 prinsipi qəbul etdiyini bəyan etmişdir. Ancaq Ermənistanın bu istiqamətdə hansısa real addımlar atdığı hələlik müşahidə olunmur. Halbuki, sülh müqaviləsinin hazırlanması üzrə Azərbaycan nümayəndə heyətinin və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibi artıq müəyyən edilmişdir. Azərbaycan sülh danışıqlarına başlamağa da hazırdır.

Ermənistan anlamalıdır ki, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, konstruktiv yanaşma nümayiş etdirməli və qeyd olunan prinsiplər əsasında münasibətlərin normallaşmasına getməlidir. Bu, regionda real sülhə və sabitliyə nail olmağın yeganə yoludur.

Qeyd etməliyəm ki, post münaqişə dövründə Cənubi Qafqazda yeni reallıqlar və yeni əməkdaşlıq imkanları yaranmışdır. Əldə olunmuş razılaşmalara uyğun olaraq açılacaq yeni nəqliyyat infrastrukturu olan Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcəkdir. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan bütün ölkələr də bu yeni dəhlizdən faydalanacaqlar”, - deyə spiker əlavə edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.