Heç kim həyatda əbədi qalmır, amma şəhid olmaq, bu, doğrudan da xalq qarşısında, tarix və gələcək nəsillər qarşısında böyük xidmətdir. Şəhid əbədi qalır, əməyi və qəhrəmanlığı əvəzolunmazdır.
Bu fikirləri Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, şəhidlər canını torpaqların azad olunması və ədalətin bərpa edilməsi, xalqımızın ləyaqətinin bərpa olunması naminə fəda edir. Çünki otuz il torpaqlarımız işğal altında qalıb və xalqımız mənəvi əzablar çəkib. Şəhidlərimizi irəliyə aparan məhz Vətən sevgisi olub, bu ədalətsizliklə barışmazlıq olub. Onlar xalqımızın ləyaqətini bərpa etdilər. “Bu, qələbə qədər vacib məsələdir, gələcək nəsillərin yetişməsi və tərbiyəsi üçün əvəzolunmaz amildir. Çünki biz artıq ilyarımdır ki, müzəffər xalq kimi yaşayırıq”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, bu gün, başımız ucadır, şəhidlərlə əbədi fəxr edirik və edəcəyik.