Sosial sığorta stajının hesablanması qaydası müəyyənləşib.
Bu, Baş nazir Əli Əsədovun qərarı ilə təsdiqlənən “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda əksini tapıb.
Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilib:
2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
“Sosial sığorta haqqında” Qanuna və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
Seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
Əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
Kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
İşləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən;
2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən;
İşçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;
Yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr – 1991-ci il yanvarın 1-nə olan dövr üzrə əmək kitabçasına, əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda işəgötürəndə və ya dövlət arxivində saxlanılan məlumatların müvafiq olaraq işəgötürən və ya dövlət arxivi tərəfindən təsdiq edilmiş surətləri də əlavə edilməklə Fondun və işəgötürənin və ya dövlət arxivinin nümayəndələrinin iştirakı ilə tərtib olunan akta əsasən, 1991-ci il yanvarın 1-dən sonrakı dövr üzrə isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədlərə əsasən;
Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti – hərbi biletə və ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yaxud yuxarıda qeyd olunan orqanların müvafiq arayışına əsasən;
I dərəcə əlilliyi olan şəxsə qulluqetmə müddəti üzrə:
Qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
“I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən;
Qulluqolunan vəfat etmişdirsə, bu sənəddə müəyyən edilən sənədlər olmadıqda – məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən;
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluqetmə müddəti üzrə:
Qanuni nümayəndələrə münasibətdə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın doğum haqqında şəhadətnaməsinə, övladlığa götürənlərə münasibətdə övladlığa götürmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına, qəyyumlara və himayəçilərə münasibətdə isə qəyyumluq və ya himayəçiliyin müəyyən edilməsi barədə müvafiq qərara əsasən;
“I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdünün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən;
Ahıllara qulluqetmə müddəti üzrə:
Patronajın təyin edilməsi barədə qərara əsasən;
Qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan I dərəcə əlilliyi olan şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
Qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən;
İşsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət – MEİS-in “Məşğulluq” altsistemində həmin müddətləri təsdiq edən məlumatlara və ya Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin müvafiq struktur bölməsinin verdiyi arayışa əsasən;
İstehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən I və II dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət – PAS-da mövcud olan həmin müddətləri təsdiq edən məlumatlara və ya pensiya sənədlərinə əsasən;
Zabit heyəti, gizir, miçman və müddətdən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət – işə düzəlmə ilə bağlı müraciətə yerli icra hakimiyyətinin, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin müvafiq struktur bölməsinin və ya hərbi hissə komandirlərinin işə düzəlmənin mümkün olmamasına dair Fondun aidiyyəti struktur bölməsinin müraciətinə verdikləri rəsmi cavaba əsasən;
Şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qanunsuz olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət – qanunsuz tutulmanı, həbsdə olmanı, cəzaçəkməni və ya işdən kənarlaşdırılmanı təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən;
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığorta vəsaiti hesabına müavinət alındığı müddət – MEİS-in “Sosial ödənişlər” altsistemində mövcud olan həmin müddətləri təsdiq edən məlumatlara və ya işəgötürənin arayışına (əmək qabiliyyətinin müvəqqəti itirilməsini təsdiq edən xəstəlik vərəqələrinin surətləri əlavə olunmaqla) əsasən;
Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə “Sosial sığorta haqqında” Azərbaycan Qanunu ilə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət – 2006-cı il yanvarın 1-dək məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən, 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə isə fərdi uçot məlumatlarına əsasən;
Hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) – hərbi biletə və ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, yaxud hərbi xidmətin keçildiyi dövlət orqanının arayışına əsasən;
Şəxsin mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlədiyi müddət – bu Qaydanın 4.2-ci bəndinə uyğun olaraq, işəgötürənin forması bu Qaydaya 7 nömrəli Əlavə ilə müəyyən olunan arayışına əsasən;
Hərbi qulluqçulara və pensiya təminatı sahəsində qanunla onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə münasibətdə xidmət müddəti – onların xidmət (qulluq) keçdiyi sonuncu dövlət orqanının təqdim etdiyi məlumat vərəqəsinə əsasən;
Döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də, Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olma müddəti – həmin Nazirliyin arayışına əsasən;
Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti – həmin subyektlərin arayışına əsasən;
Yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydada nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.
Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sosial sığorta stajlarının hesablanması Nazirlər Kabinetinin 2006-cı il 16 oktyabr tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları” ilə müəyyən edilir.
Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992-ci il 23 noyabr tarixli 631 nömrəli, “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydasının təsdiq edilməsi barədə” 2004-cü il 22 iyul tarixli 98 nömrəli, “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 1 iyul tarixli 124 nömrəli, “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 9 yanvar tarixli 4 nömrəli, “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli qərarlarına uyğun olaraq həyata keçirilir.
Bizi Twitterdə izləyin