Xəbər lenti
Dəmir yumruq » Manşet » Anar Bağırov: “Bütün hüquqşünasları vəkil olmağa dəvət edirəm”
Manşet / Siyasət / 30-04-2022, 09:44

Anar Bağırov: “Bütün hüquqşünasları vəkil olmağa dəvət edirəm”

Anar Bağırov: “Bütün hüquqşünasları vəkil olmağa dəvət edirəm”

“Sevindirici haldır ki, bu gün ölkəmizdə vəkilliyə çox böyük maraq var. Həm Bakıda, həm də regionlarda fəaliyyət göstərən çoxsaylı hüquqşünaslar Vəkillər Kollegiyasına üzvlüklə bağlı sənəd verirlər və vəkil olmaq arzusundadırlar”.

E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O, ötən illərlə müqayisədə Azərbaycanda vəkillərin sayının xeyli dərəcədə artdığını bildirib.

“Ötən illərə nəzər yetirsək, 2005-2017-ci illər ərzində vəkilliyə qəbulla bağlı keçirilən 5 yazılı test imtahanının nəticəsində 575 namizəd uğur qazanaraq Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunub. 2017-ci il üçün vəkillərin ümumi sayı 931 nəfər təşkil edirdi. 2018-ci ildən Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı sənəd qəbulu daimi olaraq həyata keçirilib və ixtisas imtahanlarında iştirak üçün müraciət etmiş 4087 namizədin sənədi qəbul edilərək yazılı test imtahanına buraxılıblar. 2018-2022-ci illər arasında keçirilən 9 yazılı test imtahanlarının nəticəsində 1201 nəfər ixtisas imtahanlarını müvəffəqiyyətlə başa vuraraq icbari təlimə cəlb olunublar. Hazırda ölkəmizdə 2132 vəkil fəaliyyət göstərir”, - deyə A.Bağırov qeyd edib.

Sədr yazılı test və şifahi müsahibə mərhələsindən ibarət olan vəkilliyə qəbulla bağlı ixtisas imtahanının yerli və beynəlxalq təşkilatların nümayəndələrinin müşahidəsi ilə tam şəffaf və obyektiv şəkildə keçirildiyini vurğulayıb:

“Siyasi əqidəsindən, qulluq mövqeyindən, dinindən və ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər bir namizədə imtahanda bərabər şərait yaradılır. Qeyd olunmalıdır ki, hətta yazılı test imtahanlarının gedişini Vəkillər Kollegiyasının saytından və “Facebook” səhifəsindən onlayn şəkildə izləmək mümkündür. Eyni qaydada şifahi müsahibə mərhələsində namizədlərin istəyinə uyğun olaraq video çəkilişdən istifadə olunur”.

O, hüquqşünasların artan marağını nəzərə alaraq gələcəkdə də vəkilliyə qəbul imtahanlarının tez-tez keçiriləcəyini və bütün namizədlər üçün lazımi şəraitin yaradılacağını bildirib.

“Siyasi əqidəsindən, qulluq mövqeyindən, dinindən və ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, bütün hüquqşünasları vəkil olmağa çağırıram. Son olaraq, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarında müvəffəqiyyət qazana bilməyən namizədləri ruhdan düşməməyə və növbəti imtahanlarda iştirak üçün Vəkillər Kollegiyasının Sənəd Qəbulu Komissiyasına müraciət etməyə dəvət edirəm”, - deyə A.Bağırov əlavə edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.