2022-ci ilin 22 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “SOCAR Midstream” ilə əməkdaşlıq çərçivəsində layihə idarəetmə ofisinin yaradılması və fəaliyyətinin təmin edilməsi məqsədilə təlimlərə başlanılıb. Yeni ofis universitetin strateji hədəflərini dəstəkləyən layihələrin işlənib hazırlanması və idarə olunması sahəsində fəaliyyət göstərəcəkdir.
MDU-dan bildirilib ki, layihə menecmenti üzrə mütəxəssis Nicat Qarayev tərəfindən keçirilən bir aylıq təlim proqramı sözügedən ofisdə çalışacaq heyətin bilik və bacarıqlarının artırılmasını, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini və praktiki olaraq bir layihə təklifinin hazırlanmasını nəzərdə tutur.
Təlimlərdə müvafiq beynəlxalq təşkilatların onlayn formatda təşkil etdikləri “Nəticəyə əsaslanan idarəetmə” (Results-based management) kurslarını başa vuran universitetin gənc akademik və inzibati heyət üzvləri iştirak edirlər.
Ümumi tanışlıq və fokus qrupunun seçilməsi məqsədilə təlimçi ilə keçirilən ilk görüş zamanı mövcud ehtiyaclar və səriştələr barədə müzakirələr aparılıb, təlim proqramının məzmunu və formatı müəyyən edilib.
Qeyd edək ki, “SOCAR Midstream” və MDU arasında əməkdaşlığın əsası cari ilin aprelin 15-də universitetin innovativ inkişafını dəstəkləyən Memorandumun imzalanması ilə qoyulub. Memorandum MDU-da nəticəyə əsaslanan idarəetmə yanaşmasına malik layihə idarəetmə ofisinin yaradılması və fəaliyyətinə dəstək göstərilməsini, universitetin tədqiqat, təlim və innovasiya potensialının gücləndirilməsini, kadr hazırlığının müasir tələblərə uyğun keyfiyyətinin yüksəldilməsini, regionların dayanıqlı inkişafına töhfə məqsədilə müxtəlif əməkdaşlıq təşəbbüslərinin yaradılmasını və digər məsələləri əhatə edir.