2 aprel 2022-ci il tarixində İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun Azərbaycana rəsmi səfəri çərçivəsində ADA Universitetində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş “Azərbaycan-İtaliya: Çoxtərəfli Strateji Tərəfdaşlığa aparan yol” adlı konfrans keçirilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan və İtaliya xarici işlər nazirlərinin çıxış etdikləri konfransda Azərbaycanın təhsil naziri Emin Əmrullayev, energetika naziri, Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazov, Milli Məclisin üzvləri, ADA universitetinin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib.
Nazir Ceyhun Bayramov çıxışında İtaliya və Azərbaycan arasında münasibətlərin qədim tarixə söykəndiyini və hazırda yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. Hazırda iki ölkənin strateji tərəfdaş olduğunu bildirən nazir, Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi və mədəni sahələrdə geniş əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnunluqla bildirib və bu münasibətlərin tarixində qarşılıqlı ali səfərlərin mühüm rol oynadığını ifadə edib.
Münaqişənin həlli istiqamətində İtaliyanın ədalətli yanaşma sərgiləməsini qeyd edən Ceyhun Bayramov, bu gün İtaliya şirkətlərinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərində aktiv rol oynadığını bildirib.
Azərbaycan və İtaliya arasında iqtisadi, humanitar sahədə geniş əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edən nazir Ceyhun Bayramov, COVID-19 pandemiyası ilə mübarizədə iki ölkənin bir-birinə göstərdiyi dəstəyi məmnunluqla vurğulayıb.
Təhsil sahəsində iki ölkə arasında mövcud əməkdaşlığın nümunəsi kimi bugün ADA Universitetində İtaliya-Azərbaycan Universitetinin təməlinin qoyulmasını xüsusilə qeyd edən nazir Bayramov, Azərbaycan və İtaliya arasında mövcud dinamik tərəfdaşlığın inkişafına töhfə verəcək bu ali təhsil ocağına fəaliyyətində uğurlar arzu edib.
Nazir Luici Di Maio Azərbaycan ilə İtaliya arasında əlaqələrin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edib və Azərbaycanın İtaliyanın mühüm ticarət tərəfdaşlarından biri olduğunu vurğulayıb. Cari səfərin iki ölkə arasında münasibətlərin daha da inkişafına və dərinləşməsinə ciddi təkan verəcəyini bildirib. Nazir təməli qoyulan İtaliya-Azərbaycan Universitenin təhsil sahəsində və ümumiyyətlə, ikitərəfli münasibətlərdə inkişafa müsbət töhfə verəcəyini ifadə edib.