Fevralın sonlarına yaxın Azərbaycan cəmiyyətinin də diqqəti Rusiya-Ukrayna müharibəsinə yönəlmişdisə, indi nəzərləri tədricən tamam fərqli istiqamətə kökləmişik. Söhbət təbii ki, Azərbaycanın Vətən müharibəsində Ermənistan üzərində qazandığı qələbənin davamında gəlməli olan proseslərdən gedir.
Qalib ölkə Azərbaycanın da iştirakı ilə 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın bəndləri birmənalı olaraq yerinə yetirilməlidir.
Burada əsas məqam təbii ki, bəyanatın 4-cü bəndinə yönəlir. Bəyanatda da qeyd olunduğu kimi, müharibədən sonra Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ərazilərindən çıxarılmalı idi. Lakin bu missiyanı öz üzərinə götürən Rusiya tərəfi hələ ki, bununla bağlı hər hansı bir ciddi addım atmayıb, ya da atmaq istəməyib. Sözsüz ki, Rusiya tərəfinin laqeyd münasibəti qıcıq yaradır.
İndi 3-5 ölkəni çıxmaq şərtilə, bütün dünyanı özünə düşmən qazanan, ciddi sankiyalarla az qala kainatdan təcrid olunan Rusiya, üzərinə götürdüyü öhdəliyi nəyə görə yerinə yetirməməsi böyük sual doğurur. Bundan başqa, Rusiyanın atdığı bəzi addımlar səbir kasamızı da daşırır.
Haqsız da sayılmarıq. Rusiya Azərbaycan-Ermənistan arasında sülhməramlı missiyasını öz üzərinə götürmüş ölkədir. Amma Rusiya tərəfinin davamlı olaraq erməniyönlü siyasət aparmasının, mürəkkəbi belə qurumayan müttəfiqlik bəyanatına zidd addım atmasının, açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsini işlətməsinin, Fərrux dağını və eyniadlı kəndi “Furrux” kimi təqdim etməsinin başqa açıqlaması da ola bilməz. Məgər Azərbaycan tərəfi Rusiyanın ərazi bötüvlüyünə bu cürmü yanaşır?
Dünən Müdafiə Nazirliyimiz Rusiya MN-ə layiqli cavabı verdi. Bu cavabı “İskəndər-M” raketinin havada olarkən paramparça edilməsinə bərabər bir cavab idi: “Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur”.
Vəsallam!
İndi isə diqqət mərkəzə!
Aldığımız məlumat ondan ibarətdir ki, gözlənilən artıq baş verib. Bir neçə gündür müzakirələrə səbəb olan, hamının barəsində danışdığı, böyük strateji əhəmiyyət kəsb edən Fərrux kəndi bizdədir, Fərrux da Azərbaycandır!