Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis olunması tarixi yaddaşımızın bərpası və Zəfər xronikasının əbədiləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu tarixi sərəncama əsasən hər il oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd olunur. 17 oktyabr – həm 30 illik həsrətə son qoyulan qürur günü, həm də Füzulinin yenidən doğulduğu mühüm bir tarixdir.
Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları, habelə Araz çayı boyunca İranla həmsərhəd olan bu ərazidən axan Quruçay, Köndələnçay, Çərəkən çayları zəngin su hövzəsini təşkil edir. 1386 km² ərazisi olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Əvvəlcə Qarabulaq adıyla tanınan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil edilərək Qaryagin adlandırılmış, 1959-cu ilin aprelində isə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli rayonu adlandırılmışdır.
Füzuli rayonu həm də zəngin tarixi-dini abidələr məskənidir. Babı kəndindəki XIII əsrə aid səkkizguşəli Şeyx Babi Yaqub türbəsi, Aşağı Veysəlli kəndindəki XIV əsrə aid Mirəli türbəsi, Əhmədalılar kəndindəki orta əsr qəbiristanlığında yerləşən türbə və XIX əsrə aid Cəlil türbəsi xalqımızın köklü mədəni irsinin bariz nümunələridir.
Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Birinci Qarabağ müharibəsində füzulililər böyük fədakarlıq göstərmiş, rayon sakinlərindən 663 nəfər şəhid olmuş, 400 nəfərədək müharibə əlili olmuş, 181 nəfər isə əsir və itkin düşmüşdür. 1994-cü il yanvarın 5-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad edilsə də, şəhər və digər ərazilər uzun illər düşmən tapdağında qaldı.
2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində Füzuli uğrunda aparılan döyüşlər ən ağır və strateji əhəmiyyətli döyüşlərdən oldu. Düşmən 30 il ərzində təmas xəttində keçilməz hesab edilən möhkəm istehkamlar qurmuşdu. Hətta beynəlxalq hərbi mütəxəssislər Füzulinin azad edilməsi aylarla vaxt lazım gələcəyini praqnozlaşdırırdılar. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu qəhrəmanlıq göstərərək mühüm müdafiə xətlərini yardı. 17 oktyabr 2020-ci il tarixində Füzuli şəhəri ilə yanaşı Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri işğaldan azad edildi. Ümumilikdə Vətən müharibəsi gedişində rayonun 62 yaşayış məntəqəsi düşməndən təmizləndi. Ordumuzun şücaəti qarşısında aciz qalan düşmən silahını yerə qoyub qaçmağa məcbur oldu.
Dövlətimizin başçısının sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 25.325 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.
Füzuli azad edilmiş rayonlar arasında minalarla ən çox çirkləndirilmiş ərazidir - İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Ermənistanın törətdiyi vandalizm aktları və hərbi cinayətlərə görə məsuliyyət daşıması üçün dövlətimiz tərəfindən bütün hüquqi və qiymətləndirmə tədbirləri həyata keçirilir. Mina təhlükəsinə baxmayaraq Prezident İlham Əliyevin tapşırığına əsasən rayon yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. Nazirlər Kabinetinin 18 mart 2023-cü il tarixli qərarı ilə “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq olunub.
2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb və bu proses böyük coşqu ilə davam edir. İllərlə müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan soydaşlarımız öz doğma ocaqlarına qayıdırlar. 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə, 3153 nəfər köçürülüb.
Dövlət başçısının Füzuliyə çoxsaylı səfərləri rayonun sürətli inkişafının əsas təkanverici qüvvəsidir. Prezident tərəfindən çoxmənzilli yaşayış məhəllələrinin, “Ağıllı kənd” konsepsialı kəndlərin, Mərkəzi Rayon Xəstəxanasının, Peşə Liseyinin, İdman Kompleksinin, uşaq bağçalarının və inzibati binaların təməli qoyulub. Füzuliyə xarici dövlət və hökumət başçılarının – Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Belarus və Türkmənistan rəhbərlərinin səfərləri şəhərin beynəlxaq aləmdə artan nüfuzunun və Zəfərimizin qəbul olunmasının aydın təzahürüdür.
Bu gün Füzuli dağıntıdan sürətlə dirçələn müasir infrastruktura və yüksək həyat standartlarına malik modern bir şəhərə çevrilir.