Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycan–Laos münasibətlərində yeni əməkdaşlıq mərhələsi
Manşet / Siyasət / Dün, 08:07

Azərbaycan–Laos münasibətlərində yeni əməkdaşlıq mərhələsi

  


 

Müasir Azərbaycanın xarici siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqların qorunması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və coğrafi baxımdan uzaq, lakin potensial baxımdan strateji olan ölkələrlə dostluq körpülərinin möhkəmləndirilməsi istiqamətində uğurla davam edir. Oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana tarixi rəsmi səfəri və səfər çərçivəsində dövlət başçılarının mətbuata bəyanatları iki ölkə arasında münasibətlərdə tamamilə yeni bir mərhələnin əsasını qoydu.


          Azərbaycanla Laos arasında 30 ildən artıq davam edən diplomatik münasibətlər qarşılıqlı hörmət və əməkdaşlıq ənənələrinə əsaslanır. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatında siyasi əlaqələrin, parlamentlərarası təmasların və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önə çəkilməsi bu münasibətlərin ardıcıl xarakter daşıdığını nümayiş etdirdi. Səfər çərçivəsində qəbul edilmiş Birgə Bəyanat isə gələcək əməkdaşlığın əsas istiqamətlərin inkişaf etdirilməsi baxımından bu münasibətlərin daha praktik məzmun qazanmasına xidmət edir. Sənəddə nəzərdə tutulan istiqamətlərin ardıcıl şəkildə həyata keçirilməsi siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı, yeni birgə təşəbbüslərin irəli sürülməsi üçün də əlverişli şərait yaradacaqdır. Lakin siyasi müstəvidəki bu yüksək dinamika iqtisadi sahədə də öz əksini tapmalıdır. Cənab prezidentin mətbuata bəyanatında bu məqamlar xüsusi qeyd olundu. Dövlət başçısı bildirdi ki, mövcud ticarət dövriyyəsi nə potensialımızı, nə də niyyətimizi əks etdirir. Məhz bu səbəbdən iqtisadi əlaqələrin intensivləşdirilməsi üçün konkret tapşırıqlar verilmişdir. Bakıda keçirilməsi nəzərdə tutulan Laos-Azərbaycan Biznes Forumu, eləcə də Laos tərəfindən təqdim olunacaq konkret layihələrə Azərbaycan investorlarının sərmayə yatırmaq imkanları iqtisadi tərəfdaşlığa güclü təkan verəcəkdir.


          İki ölkəni birləşdirən vacib sahələrdən biri də humanitar və təhsil əlaqələridir. Sovet dövründə 2 mindən çox laoslu tələbənin Azərbaycanda ali təhsil alması zəngin bir ənənədir. Dövlət başçısının bu ənənəni bərpa etmək və xüsusi təqaüd mexanizmləri vasitəsilə laoslu gənclərin ölkəmizdə təhsilinə şərait yaratmaq təşəbbüsü kadr hazırlığına və xalqlarımızın yaxınlaşmasına xidmət edəcəkdir.


          Nəqliyyat və logistika sahəsidə əməkdaşlıq da perspektivli istiqamətlərindəndir. Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən nəqliyyat əlaqələrində oynadığı rol, müasir infrastruktur imkanları və tranzit potensialı Laosla iqtisadi münasibətlərin genişləndirilməsi üçün əlavə zəmin yaradır. Laosda dəmir yolu bağlantılarının inkişafı və gələcəkdə Trans-Xəzər nəqliyyat marşrutuna çıxış imkanları nəzərdən keçirilməsi yükdaşımalar sahəsində yeni perspektivlər vəd edir. Bu imkanların reallaşması tərəflər arasında ticarət əlaqələrinin genişləndirilməsinə də müsbət təsir göstərəcəkdir.


          Eyni zamanda hər iki dövləti birləşdirən ortaq və ağrılı məsələ mina problemidir. Müharibədən onilliklər keçməsinə baxmayaraq bu faciə ağrılı məqam olaraq qalır. Azərbaycan da Ermənistanın işğalı nəticəsində 1 milyondan çox minanın basdırıldığı bir əraziyə sahibdir və son illərdə 400-dən çox vətəndaşımız mina terrorunun qurbanı olub. Bu istiqamətdə təcrübə mübadiləsi, yeni texnologiyaların tətbiqi və birgə təlimlər hər iki ölkə üçün həyati əhəmiyyət kəsb edir.


          Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanları da dövlət başçısının mətbuata bəyanatında öz əksini tapmışdır. Prezident İlham Əliyev vurğuladı ki, konkret addımlar atıldığı təqdirdə bu istiqamətlərin hər biri üzrə müsbət nəticələr əldə etmək mümkündür. Bunun üçün həm potensial, həm də qarşılıqlı siyasi iradə mövcuddur.


          Beləliklə, Azərbaycanla Laos arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, təhsil və humanitar əməkdaşlığın inkişafı, eləcə də nəqliyyat və investisiya sahələrində yeni imkanların reallaşdırılması ikitərəfli münasibətlərin əsas prioritetləri kimi müəyyənləşir. Azərbaycan-Laos münasibətlərinin yeni əməkdaşlıq mərhələsinə qədəm qoyduğunu göstərən Birgə Bəyanat isə bu istiqamətlər üzrə gələcək fəaliyyət üçün mühüm yol xəritəsidir.



DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.