Dəmir yumruq » Manşet » Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlığın yeni mərhələsi
Manşet / Siyasət / 9-10-2026, 11:39

Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlığın yeni mərhələsi

 

 

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Regionun gələcək iqtisadi-siyasi mənzərəsini müəyyən edən bu tarixi sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş proqramlı çıxış edib.


Prezident İlham Əliyev ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü olmasını xatırladıb və bu tarixi qərara yekdilliklə dəstək verən bütün həmkar liderlərə minnətdarlığını ifadə edib. Qeyd olunub ki, Azərbaycanın bu formata qoşulması Bakı ilə Mərkəzi Asiya arasındakı qardaşlıq və strateji tərəfdaşlıq bağlarını daha da sarsılmaz edir. Prezidentin çıxışında siyasi və iqtisadi tezislərlə yanaşı xalqlarımızın mənəvi qardaşlığına da xüsusi yer ayrılıb. Dövlət başçısının nitqində qeyd olunub ki, azad edilmiş ərazilərin bərpasında qardaş dövlətlərin dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə azad edilmiş Füzuli şəhərində ucaldılan məscid binasının xalqlarımızın sarsılmaz birliyinin rəmzi kimi xarakterizə edib.


Prezident İlham Əliyev öz çıxışında toxunduğu ən strateji məqamlardan biri nəqliyyat-tranzit potensialının artırılması olub. Region ölkələri arasında nəqliyyat və tranzit imkanlarının genişləndirilməsinin vacibliyi geniş şərh olunub. Qeyd olunub ki, qlobal geosiyasi dəyişikliklər fonunda Azərbaycanla Mərkəzi Asiyanı birləşdirən geostrateji marşrutların, xüsusilə də Orta Dəhlizin əhəmiyyəti artıb. Dövlət başçısı vurğulayıb ki, Orta Dəhliz üzrə yükdaşımaların həcmi ötən il 10 faiz, bu ilin ilk 8 ayında isə daha 20 faiz artıb. Xəzərdə ən böyük ticarət donanmasına və müasir Bakı Beynəlxalq Dəniz Ticarət Limanına malik olan Azərbaycan region ölkələrinin dünya bazarlarına inteqrasiyasını tam təmin edir.


Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın iştirakı ilə reallaşdırılan Yaşıl enerji dəhlizi layihəsi sammitin ekeoloji və texnoloji gündəliyinin əsasını təşkil edib. Bu layihə regionu gələcəkdə Avropanın əsas təmiz enerji təchizatçısına çevirəcək. Görüş çərçivəsində ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi, rəqəmsal transformasiya, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi kimi istiqamətlərdə əməkdaşlığın gündəliyində mühüm yer tutan məqamlar qeyd olunub. Dövlət başçısı qeyd edib ki, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması, sənaye əməkdaşlığının genişləndirilməsi üçün ilk növbədə onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır. Yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməli, həm birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazara çıxmalıyıq.


Görüşün yekununda Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan liderləri tərəfindən çox mühüm sənədlər imzalanıb. Liderlər “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”nı və regional tənzimləyici sənədlər haqqında qərarları təsdiqləyiblər. Həmçinin sammit çərçivəsində ticarət əlaqələrinin rəqəmsallaşdırılması məqsədi ilə vahid elektron ticarət platformasının yaradılması kimi mütərəqqi təkliflər irəli sürülüb.


Bu səfər və Məşvərət Şurasındakı yüksək səviyyədəki iştirak bir daha sübut etdi ki, rəsmi Bakı Mərkəzi Asiya regionunu özünün xarici siyasətində prioritet istiqamət edir. Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində səsləndirdiyi bəyanatlar və imzalanan sənədlər Türk dünyasının iqtisadi cəhətdən birləşməsinə, təhlükəsizliyin təmininə və ortaq rifaha xidmət edən növbəti böyük addımdır.



DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.