Prezident İlham Əliyevin sədrliyi ilə sentyabrın 22-də “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirə keçirilib. Müşavirədə ölkədə dağ-mədən sənayesinin mövcud vəziyyəti, inkişaf perspektivləri və 2027-2030-cu illəri əhatə edəcək Dövlət Proqramının hazırlanması məsələləri müzakirə edilib.
Dövlət başçısının müşavirədəki proqram xarakterli çıxışı bu sahənin inkişaf fəlsəfəsini, mövcud çağırışları və yaxın 4 ilin konkret hədəflərini aydın şəkildə ortaya qoydu. Ölkə başçısının qətiyyətli tapşırıqları və qəbul edilən qərarlar ölkəmizin təbii zəngin resurslarından maksimum səmərəli istifadə olunmasını, həmçinin xammal ixracından yüksək dəyər yaradan son məhsul istehsalına keçidi strateji xətt kimi bəyan edir. Dövlət başçısının ortaya qoyduğu bu yeni doktirina “yüksək əlavə dəyər” zəncirinin ölkə daxilində saxlanmasını hədəfləyir.
Çıxışda diqqət çəkən ən mühüm məqamlardan biri Sovet dövründə və işğal illərində dağ-mədən potensialının reallaşdırılmasına maneə olan amillərin dərindən təhlil edilməsidir. 30 illik işğal dövründə talan edilən Qarabağ və Şərqi Zəngəzurun, həmçinin uzun illər logistik blokadada qalan Naxçıvanın zəngin filiz yataqları indi vahid milli sənaye xəritəsinə inteqrasiya olunur. Prezidentin Naxçıvanda qlobal tərəfdaşlarla (BƏƏ şirkətləri ilə) başlayan geoloji kəşfiyyat işlərini vurğulaması Azərbaycanın xarici investisiya üçün yeni sənaye drayverləri yaratdığını göstərir. Azad edilmiş ərazilərin və Naxçıvanın bu proqrama daxil edilməsi təkcə iqtisadi deyil, həm də regional təhlükəsizliyi və məskunlaşmanı sürətləndirən geosiyasi gedişdir.
Ağır sənayenin formalaşmasında ən böyük risk faktorlardan biri yüksək logistika xərcləridir. Prezident İlham Əliyevin nəqliyyat və logistika tariflərində sənayeçilərə xüsusi güzəştlərin edilməsi barədə birbaşa tapşırıq verməsi dövlətin bazara çevik və dəstəkləyici müdaxiləsinin göstəricisidir. Bu tarif siyasəti daxili istehsalçıların maya dəyərini aşağı salmaqla yerli metallurgiya məhsullarını qlobal bazarlarda rəqabətədavamlı edir.
Qarşıdakı dövrdə əsas məqsədlərdən biri dağ-mədən və metallurgiya sənayesinin xammaldan son məhsula qədər vahid dəyər zənciri üzrə sürətləndirməkdir. Bunun üçün mineral ehtiyatlardan səmərəli istifadə, yüksək əlavə dəyər yaradan metal emalının genişləndirilməsi və metallurgiya məhsullarının ixrac potensialının artırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi vacibdir. Bu məqsədlə mineral ehtiyatların yenidən kəşfiyyatının aparılması, mövcud emal proseslərinin təkmilləşdirilməsi və daha yüksək emal səviyyəli məhsulların istehsalı üçün müasir infrastrukturun yaradılması mühüm əhəmiyyət daşıyır. Daşkəsən, Gədəbəy, Zəngilan, Ağdərə, Kəlbəcər və digər bölgələrdə mövcud və yeni ehtiyatların müəyyənləşdirilməsi, iqtisadi baxımdan səmərəli yataqların mərhələli şəkildə dövriyyəyə cəlb edilməsi əsas hədəflərdəndir.
Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə səsləndirilən fikirlər göstərir ki, qarşıdakı illərdə bu sahənin inkişafı dövlətin iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri olacaq. Sənəddə vurğulandığı kimi Dövlət Proqramının icrası nəticəsində 2030-cu ilədək müvafiq sahədə dayanıqlı və rəqabət qabiliyyətli istehsalın inkişaf etdirilməsi mineral-xammal bazasının genişləndirilməsi, geoloji kəşfiyyat işlərinin inkişaf etdirilməsi və mövcud yataqların səmərəli istismarının təmin edilməsi, filizdən son məhsuladək inteqrə olunmuş istehsal və emal zəncirinin formalaşdırılması, yüksək əlavə dəyər yaradan metallurgiya məsullarının istehsalının və ixrac potensialının artırılmasıdır.