Sentyabrın 17-də Azərbaycan Türk dünyasının gələcək inteqrasiyası və regional sabitlik baxımından tarixi qlobal hadisələrdən birinə ev sahibliyi edib. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində ölkəmizdə növbəti tədbir keçirilib. Təşkilata üzv dövlətlərin Təhlükəsizlik Şuralarının katibləri, Şuranın 5-ci iclası üçün Bakıda bir araya gəliblər.
Dövlət başçısı tədbirdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bir neçə gün əvvəl TDT üzv dövlətlərin dini liderlərinin, bu gün isə Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşmasının Azərbaycanın təşkilat çərçivəsində mərkəzi platforma rolunun göstəricisi kimi qeyd edib. Prezident nitqində Azərbaycanın TDT təşkilatında artan rolu, Türk dövlətləri arasında əməkdaşlıqların genişləndirilməsi və təşkilatın beynəlxalq nüfuzunun gücləndirilməsini əsas istiqamətlər kimi önə çəkib. Dövlət başçısı xüsusilə enerji, nəqliyyat bağlantılarının inkişafı, regional təhlükəsizlik, gənclər siyasətinin gücləndirilməsi kimi məsələlərin vacibliyini vurğulayıb.
Ölkə rəhbəri TDT-nin əsas hədəfinin aparıcı beynəlxalq təşkilatlarından birinə çevrilmək olduğunu bildirib. Prezident həmçinin Azərbaycanın xarici siyasətində Türk dünyasının prioritet olduğunu vurğulayıb. Üzv ölkələrlə ikitərəfli əlaqələrin və qarşılıqlı investisiyaların genişləndiyini qeyd edib.
Prezident gənclər siyasətinə və milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət çəkib. Gənclərin vətənpərvərlik, milli dəyərlər və dövlətçilik prinsipləri ruhunda yetişdirilməsi, onların qərarvermə və ictimai proseslərdə iştirakının artırılması TDT-nin gələcək inkişafı baxımından mühüm istiqamət kimi prezidentin nitqində qeyd olunub. Xarici ideoloji və informasiya təsirlərinin artdığı bir dövrdə gənclərin bu təsirlərdən qorunması və TDT ölkələrinin gənclər təşkilatı arasında əməkdaşlığın gücləndirilməsi vurğulanıb.
Prezident İlham Əliyevin çıxışındakı ən mühüm tezislərdən biri TDT ölkələrinin mövcud sabitliyin ətraf mühitdəki proseslərdən təcrid olunmuş şəkildə qiymətləndirilə bilməyəcəyidir. Dövlət başçısı qeyd edib ki, TDT məkanında ictimai asayış və müxtəlif terror təhdidləri ilə bağlı vəziyyət nəzarətdədir. Bununla belə o, regionda gedən müharibələr fonunda arxayınlaşmağın mümkün olmadığını bildirib və münaqişələrin coğrafiyasının genişləndiyini vurğulayıb.
Ölkə başçısının çıxışında başqa bir məqam TDT-nin yalnız mədəni və tarixi yaxınlıq üzərində qurulan təşkilat kimi təqdim edilməməsidir. Prezident TDT ölkələri arasında Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla imzalanmış müttəfiqlik müqavilələri və bəyannamələri xatırladıb. Eyni zamanda Azərbaycan - Türkiyə münasibətlərini xüsusi qeyd etməklə yanaşı, Mərkəzi Asiya dövlətləri ilə artan iqtisadi və siyasi əlaqələrə də diqqət çəkib.
Prezidentin çıxışındakı ən fundamental çağırışlardan biri təşkilatın beynəlxalq arenada iradə nümayiş etdirmək potensialı ilə bağlı olub. Dövlət başçısı qeyd edib ki, birgə səylərlə təşkilatımızın potensialını o dərəcədə genişləndirməliyik ki, o, ən yüksək tribunalardan təkcə öz mövqeyini bəyan etməsin, həm də onu müdafiə edə bilsin.
Çıxışda enerji və nəqliyyat təhlükəsizliyinin Türk dövlətləri üçün strateji əhəmiyyəti vurğulanıb. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi, Mərkəzi Asiya ölkələrinin Xəzər üzərindən dünya bazarlarına çıxışında mühüm tranzit rolunu oynaması ölkəmizi TDT daxilində nəqliyyat və enerji əməkdaşlığının əsas halqalarından birinə çevrildiyi qeyd olunub.
Prezident İlham Əliyev TDT-ə üzv ölkələrin müasir dövlətçilik tarixinə də toxunaraq qeyd edib ki, əsrlərə söykənən qədim tariximizlə yanaşı, müstəqilliyini bərpa edən respublikalarımızın çağdaş dövlətçilik yaşı təxminən 35 ildir. 1991-ci ildən bəri keçən bu mürəkkəb, lakin şərəfli yolda xalqımız ən çətin sınaqlardan üzüağ çıxıb. İndi qarşıda duran əsas məqsəd birgə iş, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin qurulması, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenada rolunun gücləndirilməsi dayanır.
Nəticə olaraq, Bakıdan bütün dünyaya verilən ismarış həm bir bəyanat, həm də yeni bir eranın başlanğıcıdır. Türk dünyası artıq qlobal geosiyasi prosesləri kənardan izləyən passiv tərəfdaş deyil, tarix yazan və şərtləri diqtə edən güc mərkəzidir. Prezident İlham Əliyevin vurğuladığı kimi bizim birliyimiz sadəcə siyasi maraqların deyil, sarsılmaz qardaşlığın və ortaq taleyin təzahürüdür. XXI əsr Türk əsridir və bu əsrin təhlükəsizlik, sabitlik və inkişaf xəritəsini məhz bizim polad iradəmiz formalaşdırır. Gücümüz - birliyimizdə, gələcəyimiz - ortaq addımlarımızdadır!