Xəbər lenti
Dəmir yumruq » Manşet » Dövlət Suverenliyi Günü- Müstəqil Azərbaycanın dövlətçilik iradəsinin və tarixi Zəfərinin rəmzi...
Manşet / Siyasət / Bugün, 17:44

Dövlət Suverenliyi Günü- Müstəqil Azərbaycanın dövlətçilik iradəsinin və tarixi Zəfərinin rəmzi...

 

 

20 sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın çoxəsirlik dövlətçilik salnaməsinin ən şanlı və möhtəşəm zirvəsidir. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il Sərəncamı ilə təsis edilən bu əlamətdar gün xalqımızın milli azadlıq mübarizəsinin məntiqi yekunu və ölkəmizin bütün coğrafiyasında qanunun aliliyinin tam bərqərar olmasını simvolizə edir. Bu böyük nailiyyət Müzəffər Ali Baş Komandanın uzaqgörən hərbi strategiyasının, Qəhrəman Ordumuzun şücaətinin və sarsılmaz rəşadətinin, Vətən uğrunda canından keçən müqəddəs şəhidlərimizin qanının və qazilərimizin fədakarlığının bəhrəsidir.


Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə 30 illik işğala son qoyaraq bənzərsiz bir Zəfər salnaməsi yazdı. Lakin tam və qəti bir qələbənin tacı 2023-cü ilin sentyabrında reallaşdı. Sentyabrın 19-da başlayan və cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz silahlı dəstələr darmadağın edildi, separatizmin yuvası birdəfəlik ləğv olundu.


20 sentyabr 2023-cü ildə Azərbaycanın bütün şəhər və kəndlərində, o cümlədən Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə qanunun aliliyi tam təmin edildi. Üçrəngli müqəddəs bayrağımızın yurdun hər bir guşəsində əzəmətlə dalğalanması ilə dövlətimizin suverenliyi bərpa olundu.


Bu gün Azərbaycan tam suveren dövlət kimi həm daxili, həm də xarici siyasətini heç bir kənar qüvvədən asılı olmadan, öz milli maraqlarına uyğun şəkildə yürüdür. Azad edilmiş torpaqlarda Qarabağ, Şərqi Zəngəzurda həyata keçirilən nəhəng quruculuq layihələri və Böyük Qayıdış proqramı məhz bu suverenliyin gətirdiyi əmin-amanlıq sayəsində mümkün olur.


Dövlət Suverenliyi Günü həm də gələcək nəsillərə mühüm bir mesaj ötürür: müstəqillik və suverenlik yalnız əldə edilməli olan deyil, daim göz bəbəyi kimi qorunmalı, möhkəmləndirilməli olan ən ali dəyərdir.


İndi Azərbaycan xalqı ərazi bütövlüyü bərpa olunmuş, sərhədləri toxunulmaz müzəffər, qalib, bütöv bir ölkədə yaşayır. Bu tarixi reallıq hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi oyadır.


Suverenliyimiz əbədi, dövlətçiliyimiz sarsılmaz, bayrağımız daim uca olsun!


 

 


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.