20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan xalqının müasir tarixində xüsusi əhəmiyyətə malik olan əlamətdar günlərdən biridir. Prezident İlham Əliyevin 2024-cü ilin sentyabrın 18-də imzaladığı Sərəncam əsasında təsis olunan bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsinin mühüm siyasi və hüquqi simvollarından birinə çevrilib. 2023-cü il 19-20 sentyabr tarixlərində keçirilən cəmi birgünlük uğurlu lokal antiterror tədbirləri regionda separatizmin kökünü kəsərək dövlət suverenliyimizi bütün ölkə ərazisində tam təmin etdi.
2023-cü il oktyabrın 15-də prezident, Silahlı Qüvvələrin Komandanı İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan Dövlət Bayrağını ucaltması yeni reallığın ən mühüm və yadda qalan hadisələrindən biri oldu. Üçrəngli bayrağımızın bu şəhərlərdə dalğalanması xalqımız üçün milli qürur və tarixi ədalətin bərpasının ifadəsidir. Bu hadisə yalnız torpaqlarımızın azad edilməsini deyil, Azərbaycanın konstitusiya quruluşunun ölkənin bütün ərazisində bərqərar edilməsini də simvolizə edir. Həmin ilin noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad isə tarixi Zəfərin siyasi və hərbi nəticələrinin nümayişi baxımından mühüm hadisə idi. Bu yalnız hərbi güc nümayişi deyil, həm də Azərbaycanın regionda yeni siyasi reallıq yaratdığını göstərən mesaj idi. Prezident İlham Əliyev həmin parad zamanı səsləndirdiyi fikirlərdə də Azərbaycan xalqının ərazi bütövlüyünün bərpasına yönəlmiş tarixi iradəsi və dövlət siyasətinin ardıcılığı xüsusi vurğulanırdı. 2023-cü ilin dekabrın 21-də Xankəndi stadionunda “Qarabağ” və MOİK komandaları arasında Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən futbol oyunu da xüsusi siyasi və ictimai məna daşıyırdı. 30 illik fasilədən sonra Xankəndidə rəsmi futbol matçının keçirilməsi şəhərdə normal həyatın bərpasının simvoluna çevrildi. Həmçinin bu proseslər çərçivəsində Qarabağ Universitetinin yaradılması da xüsusi əhəmiyyət daşıyır. Bu ali təhsil müəssisəsi Qarabağın yeni inkişaf modelinin mühüm institusional dayaq modellərindən biridir. Gənclərin Qarabağda təhsil alması və gələcəkdə quruculuq prosesinə cəlb edilməsi uzunmüddətli dövlət strategiyasının tərkib hissəsidir. Əgər işğal illərində Qarabağ Azərbaycan ictimaiyyətinin yaddaşında həsrət və məcburi köçkünlük anlayışları ilə assosasiya olunurdusa, yeni dövrdə həmin ərazilər artıq təhsil, idman, yaşayış, iqtisadiyyat, dövlət idarəçiliyi ilə əlaqələndirilir.
Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirlər Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin gələcək inkişafının əsasını təşkil edir. Bu proqramın məqsədi yalnız əhalinin doğma torpaqlara köçürülməsi ilə məhdudlaşmır. Burada yaşayış məntəqələrinin yenidən qurulması, infrastrukturun yaradılması, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və yaşayış mühitinin formalaşdırılması kimi kompleks vəzifələr həyata keçirilir. Bu ərazilərdə qurulan yeni həyat, qayıdan ailələr, fəaliyyətə başlayan müəssisələr, bərpa olunan tarixi-mədəni irs Azərbaycanın Zəfərdən sonrakı inkişaf strategiasının mühüm nəticələridir.
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhərləri Günü Azərbaycan xalqının sarsılmaz birliyinin və dövlətimizin qətiyyətinin bariz nümunəsidir. Keçmişdə ağrılı xatirələrlə andığımız bu yurd yerləri, bu gün milli qürurumuzun, quruculuq missiyamızın və sülhün mərkəzləridir. Artıq Qarabağda fəsillər dəyişir, yollar çəkilir, işıqlar yanır və ən əsası – bu torpaqların əsl sahibləri öz evlərində bayram edirlər.
Şəhər Günlərin mübarək, müstəqil və suveren Azərbaycan!