Dəmir yumruq » Manşet » Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev
Manşet / Siyasət / Bugün, 06:45

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda keçirilən Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib.
 
Bu barədə DTX-nin mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, tədbirdə çıxış edən DTX rəisi müasir geosiyasi proseslərin doğurduğu yeni qlobal və regional təhdidlərə, o cümlədən davam edən genişmiqyaslı hərbi qarşıdurmaların nəqliyyat dəhlizlərinin fəaliyyətində yaratdığı ağır fəsadlara diqqət çəkib. Çıxışda vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü qismində cəlb olunması, habelə döyüş zonalarından qanunsuz çıxarılan silah-sursat və partlayıcı maddələrin qaçaqmalçılığı kriminogen vəziyyəti ağırlaşdıran təhlükəsizlik mühitinə ciddi təhdid kimi qiymətləndirilib.
 
Xidmət rəisi Yaxın Şərqdə davam edən böhranların, o cümlədən strateji boğazların blokadaya alınmasının dünya ticarətinə, enerji təhlükəsizliyinə və qlobal iqtisadiyyata mənfi təsirlərini qeyd etməklə mövcud qeyri-müəyyənliklər şəraitində heç bir dövlətin baş verən proseslərdən kənarda qala bilməyəcəyini, milli təhlükəsizliyin etibarlı təmin edilməsi və qarşıda duran çağırışlara vahid mövqedən yanaşılması məqsədilə tərəfdaş dövlətlər arasında təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
 
Dünyada mövcud vəziyyətin qiymətləndirildiyi, müasir çağırışlar fonunda regional təhlükəsizliyin təmin olunması istiqamətində zəruri addımların müzakirə edildiyi iclasda müvafiq məsələləri əhatə edən yekun sənəd imzalanıb.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.