Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana reallaşdırdığı dövlət səfəri iki qardaş ölkə arasında çoxəsirlik tarixi-mədəni əlaqələri yeni, strateji müttəfiqlik zirvəsinə yüksəldən tarixi hadisəyə çevrildi. Daşkənddə dövlət başçısının möhtəşəm qarşılanma mərasimi, imzalanan fundamental sənədlər, açılışı və təməli qoyulan irimiqyaslı birgə layihələr Bakı ilə Daşkənd arasındakı münasibətlərin ortaq instutisional baxımdan yeni mühüm mərhələyə qədəm qoyduğunu bütün dünyaya nümayiş etdiridi. Səfər həm ikitərəfli əməkdaşlığın inkişafı, həm də Mərkəzi Asiya və Cənubi Qafqazın vahid geoiqtisadi məkanda birləşməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu səfəri “tarixi hadisə” adlandıraraq, iki liderin siyasi iradəsi sayəsində qısa müddətdə misli görünməmiş böyük nəticələr əldə olunduğunu xüsusi vurğuladı. Səfərin ən böyük diplomatik uğuru isə iki güclü və suveren dövlət arasında təbii ittifaqı hüquqi cəhətdən möhkəmləndirən “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması oldu.
Səfər çərçivəsində sadəcə diplomatik deyil, həm də real iqtisadi tərəfdaşlığı əks etdirən möhtəşəm infrastruktur layihələrin açılışı və təməlqoyma mərasimləri keçirildi. Liderlər paytaxtda Nizami Gəncəvi adına Milli Pedoqoji Universitetin yeni binasının rəsmi açılışını etdilər. Bununla yanaşı müasir şəhərsalma modelinin unikal nümunəsi olan “Yeni Daşkənd” layihəsi ilə tanışlıq çərçivəsində “Azərbaycan” parkının təməli qoyuldu. Həmçinin 500 milyon dollar nizamnamə kapitalı olan Özbəkistan-Azərbaycan İnvestisiya şirkətinin rəhbərliyi ilə energetika, bankçılıq, metallurgiya, tikinti materiallarını əhatə edən yeni investisiya paketlərinə (o cümlədən gips zavodu, STEAM məktəbləri və SOCAR yanacaqdoldurma məntəqələri şəbəkəsinə) rəsmən start verildi.
Səfərin ən yadda qalan və rəmzi anlarından biri dövlət başçılarının bir-birini öz ölkələrinin ən ali mükafatları ilə təltifetmə mərasimi olmuşdur. Prezident İlham Əliyevin Özbəkistanın ali dərəcəli “Dostluq” ordeni, prezident Şavkat Mirziyoyevin isə Azərbaycanın ali dövlət təltifi olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi iki liderin bir-birinə və xalqlarına olan sonsuz hörmətin ifadəsi kimi yadda qaldı. Keçirilən bu mərasim iki ölkə arasındakı səmimiyyətin və etimadın ən yüksək zirvədə olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.
Rəsmi təmasların ardınca liderlərin mətbuata birgə bəyanatlarla çıxış etməsi səfərin siyasi əhəmiyyətini və gələcək hədəflərini ictimaiyyətə çatdırdı. Prezidentlərin mətbuat qarşısındakı bəyanatları ölkələrimizin həm ikitərəfli formatda, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində hər zaman bir-birinin yanında olacağını təsdiqlədi.
Prezident İlham Əliyev çıxışı əsnasında regionun və qlobal münasibətlərin gələcəyinə hədəflənən proqram xarakterli tezislər səsləndirdi. Dövlət başçısının nitqində vurğulandı ki, bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi məkana çevrilib. Prezidentin nitqində həmçinin işğaldan azad edilmiş torpaqların, xüsusilə Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi və Xankəndi istehsalat sahələrinin açılmasında göstərdiyi qardaşlıq dəstəyinə görə prezident Şavkat Mirziyoyevə dərin təşəkkürünü bildirdi. Ölkələrimiz arasında investisiya və infrastruktur məsələlərinə geniş toxunaraq hər iki ölkənin irəliləmək üçün çox dəqiq fəaliyyət planının olduğunu vurğuladı. Dövlət başçısı iki ölkə arasında yaradılan İnvestisiya Fondunu regionun ən səmərəli və nəticəyönümlü iqtisadi mexanizmi adlandırdı. Regionun tranzit əhəmiyyətinə toxunan prezident, Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini və bu layihənin Mərkəzi Asiya ölkələrinin dünya bazarına çıxışı üçün yeni alternativ qapı açacağını vurğuladı.
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri təkcə iki ölkə arasında imzalanan sənədlərlə deyil, həm də Türk dünyasının bütövləşməsi yolunda atılan ən nəhəng addımlardan biri kimi tarixə düşdü. Bakı və Daşkənd tərəfindən qurulan bu sarsılmaz müttəfiqlik modeli Avrasiya məkanında sülhün, iqtisadi tərəqqinin, yeni nəqliyyat və enerji xətlərinin çəkilməsinin ən güclü təminatçısı olduğunu bir daha təsdiq etdi.