26 Avqust – Laçın Şəhəri Günü Azərbaycanın müasir tarixinə zəfər, milli qürur və tarixi ədalətin bərpası günü kimi həkk olunmuşdur. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün, bu dilbər guşəmizin 30 illik həsrətdən sonra yenidən öz doğma sahiblərinə qucaq açmasının müqəddəs rəmzidir. 2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Laçın şəhərinin nəzarətə götürülməsi ilə bağlı xalqımıza müjdə verdi. Artıq 4-cü ildir ki, 26 avqust tarixi ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd olunur.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması tariximizə qızıl hərflərlə yazılıb. Böyük strateji əhəmiyyətə malik 1 şəhər, 1 qəsəbə və 125 kənddən ibarət Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayon əhalisi etnik təmizlənməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun sosial, mədəni və iqtisadi infrastrukturu dağıdılmış, tarixi-mədəni irsə ciddi ziyan vurulmuşdur. Həmçinin mədəniyyət, təhsil, səhiyyə və digər sosial obyektlər talan edilmiş və dağıdılmışdır.
Azərbaycan Ordusunun 2020-ci ildə Vətən müharibəsində qazandığı Zəfər Laçının taleyini də dəyişdi. 10 noyabr – Üçtərəfli Bəyanata uyğun olaraq 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi.
Azərbaycanın qədim və zəngin tarixə malik bölgələrindən biri olan Laçın bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. 30 ilə yaxın işğal altında qalan şəhər və rayon artıq böyük qayıdışın ünvanına, genişmiqyaslı quruculuğun və sürətli inkişafın nümunəsinə çevrilib. Laçının bugünkü simasında tarixlə müasirlik, zəfərlə quruculuq, qayıdışla gələcəyə inam vəhdət təşkil edir.
Bu gün Laçın artıq keçmişin həsrət və niskil şəhəri deyil, dövlətimizin iqtisadi gücünün və quruculuq iradəsinin canlı simvoludur. Qısa müddətdə Laçın bərpa və yenidənqurma mərhələsinə qədəm qoydu, məskunlaşma prosesinə start verildi. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi şəhərin strateji və beynəlxalq əhəmiyyətini daha da artırır. 2025-ci il mayın 28-də istifadəyə verilən hava limanı regionun nəqliyyat imkanlarının genişləndirilməsində mühüm rol oynayır. Laçının dirçəlişinin ən böyük göstəricisi isə heç şübhəsiz ki, insanların öz doğma yurdlarına qayıdışıdır. 2023-cü il mayın 28-dən etibarən laçınlıların doğma şəhərə qayıdışı başlayıb. Həyata keçirilən genişmiqyaslı dövlət proqramları nəticəsində rayonda məskunlaşma prosesi sürətlə davam edir. Öz ata-baba yurdlarından uzun müddət kənarda qalan laçınlılar mərhələli şəkildə öz doğma və tarixi yurdlarına qayıdırlar.
Laçında inşa olunan müasir binalar, salınan yollar, yaradılan sosial obyektlər, enerji və istehsal müəssisələri bu böyük quruculuq siyasətinin real nəticələridir. Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiqlənməsi şəhərin gələcək inkişafının sistemli şəkildə təşkilinə imkan yaradır.
Bu gün Laçın təkcə azad olunmuş bir rayon deyil, həm də Azərbaycanın inkişaf modelinin təcəssümüdür. Qəhrəmanlıq tarixi ilə şərəflənən Laçın indi quruculuq, tərəqqi və dayanıqlı inkişaf yolundadır. Burada həyata keçirilən genişmiqyaslı layihələr Laçını həm yaşayış, həm iqtisadiyyat, həm də mədəniyyət baxımından bölgənin parlayan mərkəzinə çevirir. Burada görülən işlər ölkəmizin gücünü, dövlət siyasətinin məqsədyönlülüyünü, xalqın doğma yurduna bağlılığını nümayiş etdirir.