Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı xarici siyasətimizin əsas prioritet istiqamətlərindən biridir. Xüsusilə qardaş Qırğız Respublikası ilə münasibətlər eyni soy-kökə, ortaq dini və mənəvi dəyərlərə, zəngin tarixi mədəni irsə söykənir. Böyük tarixə malik olan bu əlaqələr zaman-zaman inkişaf edərək özünün müasir inkişaf səviyyəsinə çatıb. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən xarici siyasəti nəticəsində iki qardaş ölkə arasında əlaqələr ənənəvi dostluq münasibətlərindən strateji tərəfdaşlığa, artıq isə müttəfiqlik səviyyəsinə yüksəlib. Bu inkişaf yalnız ikitərəfli münasibətlərin dinamikasını əks etdirmir, eyni zamanda Türk dünyasında siyasi həmrəyliyin, qarşılıqlı etimadın və ortaq strateji maraqların daha da möhkəmləndiyini nümayiş etdirir. Prezident İlham Əliyevin Qırğız Respublikasına ötən gün iki günlük dövlət səfəri Azərbaycan-Qırğızıstan münasibətlərində yeni əməkdaşlıq mərhələsinin başlanğıcı kimi yadda qaldı. Dövlət başçısının Qırğızıstana səfərinin gündəliyi kifayət qədər zəngin olub. Keçirilən görüşlərdə prezidentlər dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirməyə hazır olduqlarını bildiriblər. Səfər çərçivəsində Azərbaycanın və Qırğızıstanın dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması hər iki ölkə arasında münasibətləri yeni mərhələyə daşıyır. Belə ki, müqavilə iki ölkə arasında mövcud olan siyasi etimadın, qarşılıqlı hörmətin və uzunmüddətli əməkdaşlıq iradəsinin hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin inkişafında da yeni mərhələnin başlanğıcını ifadə edir. Prezident İlham Əliyev mətbuata bəyanatında bu məqamı xüsusi olaraq vurğulayaraq qeyd etmişdi ki, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik.
Səfərin ən diqqət çəkən məqamlarından dövlət başçılarının təltifolunma mərasimi olub. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Prezident İlham Əliyevi 1-ci dərəcəli “Manas” ordeni ilə təltif etməsi dövlətimizin başçısının Türk dünyasında malik olduğu yüksək nüfuzun və xidmətlərinə verilən dəyərin təzahürüdür. Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycanın ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif etməsi isə iki ölkə arasında dostluq münasibətlərinin, qarşılıqlı hörmətin və strateji tərəfdaşlığın ən yüksək səviyyədə inkişaf etdiyini ortaya qoydu. Bütün bunlar Bişkekdə yazılan qardaşlıq salnaməsinin ən parlaq səhifəsi kimi tarixə düşdü. Bu həmçinin ölkələrimiz arasında münasibətlərin sarsılmaz təməllər üzərində qurulduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.
Səfər çərçivəsində digər mühüm məqam 3-cü Dövlətlərarası Şuranın iclası zamanı dövlət başçılarının səsləndirdiyi fikirlər münasibətlərin gələcək perspektivlərini ehtiva edirdi. Dövlət başçıları qarşılıqlı əlaqələrin, o cümlədən iqtisadi-ticari, humanitar və mədəni əlaqələrin inkişaf perspektivləri haqqında bəyanatlar veriblər. Prezident İlham Əliyev Azərbaycanın Qırğızıstanda, həmçinin İssık-Kulun infrastrukturunun, burada turizmin inkişafında da iştirakını xüsusi vurğulayıb. Həmin ərazidə beşulduzlu “Bakı” hotelinin açılışı həm dostluq münasibətlərinin təzahürü, həm də Azərbaycanın İssık-Kulun turizm potensialının inkişafına töhfəsini qeyd edib. Prezident İlham Əliyevin diqqət çəkdiyi məqamlardan biri də Qarabağın bərpasına qardaş Qırğızıstanın verdiyi töhfə olub. Prezident xüsusi olaraq vurğulayıb ki, Ağdam rayonunda inşa edilən və böyük Qırğız xalqının qəhrəmanı Manasın adını daşıyan müasir məktəb iki xalq arasında dostluğun, qardaşlığın və ortaq mədəni irsin nümunəsidir.
Dövlət səfərinin mühüm nəticələrindən biri Azərbaycan-Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının 200 milyon ABŞ dollarına çatdırılması barədə qəbul edilən qərardır. Bu addım iqtisadi əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərməklə yanaşı, mühüm perspektivli istiqamətlər üzrə yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar açır. Həmçinin qeyd edək ki, fondun maliyyə imkanlarının artırılması hər iki ölkənin iqtisadi potensialının səmərəli şəkildə birləşdirilməsinə xidmət edən mühüm strateji qərardır.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha nümayiş etdirir ki, Azərbaycan bu gün regionda söz sahibi olan, etibarlı tərəfdaş kimi qəbul edilən, təşəbbüsləri beynəlxalq səviyyədə dəstəklənən nüfuzlu dövlətdir. Dövlət başçımızın həyata keçirdiyi balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət nəticəsində ölkəmiz müxtəlif coğrafiyalarda etibarlı dostlar və strateji müttəfiqlər qazanır, beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir.