Dəmir yumruq » Manşet » Azərbaycan-Almaniya iqtisadi tərəfdaşlığı
Manşet / Siyasət / Bugün, 12:13

Azərbaycan-Almaniya iqtisadi tərəfdaşlığı

 

 

Azərbaycanın xarici siyasətinin fundamental əsaslarını qarşılıqlı hörmət və ehtiram, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və bərabər hüquqlu əməkdaşlıq prinsipləri təşkil edir. Ölkəmiz bu istiqamətdə ardıcıl siyasət yürütməklə qlobal arenada etibarlı tərəftaş kimi tanınır, beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirir və sülhə, təhlükəsizliyə eləcə də qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfələr verir.


Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlıq xüsusi önəm kəsb edir. Ölkəmiz siyasi dialoqun genişlənməsində, iqtisadi əlaqələrin dərinləşməsində, enerji təhlükəsizliyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Şübhəsiz ki, Prezident İlham Əliyevin praqmatik siyasəti və liderliyi nəticəsində Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi öz mövqeyini möhkəmləndirib, qarşılıqlı maraqlara əsaslanan münasibətlər isə yeni inkişaf mərhələsinə yüksəlib. Bu baxımdan Prezident İlham Əliyevin iyulun 21-də Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycan – Avropa münasibətlərdə formalaşmış etimad mühitinin, ölkəmizin beynəlxalq nüfuzunun və artan geosiyasi çəkisinin növbəti ifadəsi kimi yadda qaldı. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və verilən bəyənatlar Bakı – Berlin münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunun göstəricisidir.


Ölkə başçısının Almaniyaya rəsmi səfəri zamanı alman iş adamları ilə keçirilən görüşlər səfərin diqqətçəkən məqamları sırasında yer aldı. Bu təmaslar Azərbaycanın iqtisadi imkanlarına və investisiya mühitininə marağın artdığını nümayiş etdirdi. Yeni mərhələdə əməkdaşlığın enerji təhlükəsizliyi ilə məhdudlaşmayaraq bərpaolunun enerji, yaşıl keçid, sənaye, nəqliyyat-logistika, rəqəmsallaşma, səhiyyə, peşə təhsili, alman şirkətlərinin Azərbaycana investisiyalarının artırılması istiqamətində müzakirələr aparıldı. Səfər çərçivəsində qeyd olunan məqamlarla yanaşı işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə daha fəal iştirakla bağlı konkret təkliflər də irəli sürüldü, bu amillər gələcəkdə iqtisadi əlaqələrin daha da genişlənəcəyinə əsas verir.


Səfər çərçivəsində Kansler Fridrix Mertsin Azərbaycan ilə Almaniya arasında davamlı və məhsuldar əməkdaşlığı səbrsizliklə gözləyirəm bəyanatı göstərilən ehtiramın, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və praqmatik xarici siyasət kursuna verilən yüksək qiymətin, habelə qarşılıqlı etimada əsaslanan əməkdaşlığın gələcək inkişafına olan inamın parlaq ifadəsi kimi yadda qaldı.


Liderlərin mətbuata bəyanatında iki ölkə arasında münasibətlərin gələcək spektri geniş şəkildə şərh olundu. Prezident İlham Əliyevin bəyənatında Cənubi Qafqazda yaranmış yeni reallıqla bağlı fikirlər xüsusi diqqətçəkən məqamlar idi. 


Dövlət başçısı qeyd etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra davamlı sülhün təmin olunması istiqamətində ardıcıl təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyev çıxışı əsnasında həmçinin Almaniyanın Cənubi Qafqazdaki sülh prosesinə, Ermənistan – Azərbaycan münasibətlərinin normallaşmasında verdiyi dəstəyi yüksək qiymətləndirdi. Prezident çıxışında Avropa İttifaqı ilə münasibətlərin inkişafına da toxundu, Prezidentin nitqində Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin Azərbaycana səfəri qarşılıqlı münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirildi, həmçinin qeyd olundu ki, Almaniya Avropa İttifaqının aparıcı üzvüdür, rəsmi Berlinlə strateji tərəfdaşlığın möhkəmləndirilməsi Azərbaycan – Avtopa İttifaqı əlaqələrinin daha da inkişaf etməsinə mühim töhfə verəcək.


Bütövlükdə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasət kursunun növbəti uğurlu təzahürü kimi yadda qaldı. İmzalanmış sənədlər, yaradılan yeni əməkdaşlıq mexanizmləri və strateji dialoqun başlanması təsdiqləyir ki, Azərbaycan ilə Almaniya arasında münasibətlər qarşıdakı illərdə daha da genişlənəcək, iqtisadi, enerji, nəqliyyat, investisiya və siyasi sahələrdə əməkdaşlıq yeni məzmun qazanacaq. Bu amillər həm iki ölkənin milli maraqlarına, həm də Avropa ilə Cənubi Qafqaz arasında sabitliyin, təhlükəsizliyin və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.


 

 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.