Dəmir yumruq » Manşet » 22 İYUL – AZƏRBAYCAN MİLLİ MƏTBUATININ 151 İLLİK ŞƏRƏFLİ TARİXİ
Manşet / Köşə / Dün, 20:23

22 İYUL – AZƏRBAYCAN MİLLİ MƏTBUATININ 151 İLLİK ŞƏRƏFLİ TARİXİ


 
Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də böyük maarifçi, alim və publisist Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə qoyulmuşdur. "Əkinçi" qəzeti xalqın maariflənməsinə, milli şüurun formalaşmasına və Azərbaycan dilinin inkişafına mühüm töhfələr vermişdir.
 
  Bu gün Azərbaycan milli mətbuatı 151 illik şərəfli və keşməkeşli inkişaf yolunu davam etdirir.
Azərbaycan mətbuatı tarix boyu həqiqətin carçısı olmuş, ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynamışdır.
 
 Müstəqillik dövründə milli mətbuatımızın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.
 
Ulu Öndər Heydər Əliyev Azərbaycan mətbuatının inkişafına daim xüsusi diqqət və qayğı göstərmişdir. 1998-ci ildə Azərbaycanda mətbuat üzərində senzuranın ləğv edilməsi söz və mətbuat azadlığının təmin olunması istiqamətində atılmış ən mühüm addımlardan biri olmuşdur. Heydər Əliyevin müəyyən etdiyi media siyasəti bu gün də uğurla davam etdirilir.
 
 Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan jurnalistləri həyatlarını təhlükəyə ataraq cəbhə bölgələrindən operativ və obyektiv məlumatlar hazırlamış, erməni vandalizmini və xalqımızın yaşadığı faciələri dünya ictimaiyyətinə çatdırmışlar. Bu müqəddəs missiyanı yerinə yetirərkən jurnalistlərimiz şəhidlik zirvəsinə ucalmışlar.
 
 Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev peşə fəaliyyətini yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Onun Xocalı soyqırımı ilə bağlı lentə aldığı tarixi kadrlar bu gün də erməni vəhşiliyinin danılmaz sübutları kimi dünya arxivlərində qorunub saxlanılır. Çingiz Mustafayev Azərbaycan jurnalistikasının cəsarət və vətənpərvərlik simvoluna çevrilmişdir.
 
 Azərbaycanın ilk qadın şəhid jurnalisti Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Laçın-Şuşa yolunda erməni silahlı dəstələrinin hücumu nəticəsində şəhid olmuşdur. Onun şərəfli həyat yolu və peşəsinə sədaqəti bu gün də gənc jurnalistlər üçün örnəkdir.
 
 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mühüm qələbələrə imza atmışdır.
 
  Azərbaycan jurnalistləri dünyanın diqqətini Qarabağ həqiqətlərinə yönəltmişlər. Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə peşə fəaliyyətlərini icra edərkən mina partlayışı nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov şəhid olmuşlar. Onlar Azərbaycan jurnalistikasının qəhrəmanlıq salnaməsinə öz adlarını qızıl hərflərlə yazmışlar.
 
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə və sonrakı illərdə dünyanın aparıcı televiziya kanallarına və nüfuzlu xarici media qurumlarına verdiyi çoxsaylı müsahibələr Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynamışdır. Prezident İlham Əliyevin yüksək siyasi və diplomatik məharəti informasiya müharibəsində Azərbaycanın haqlı mövqeyinin müdafiəsinə böyük töhfə vermişdir.
 
 Ölkəmizdə media siyasətinin uğurla həyata keçirilməsi məqsədilə Medianın İnkişafı Agentliyi yaradılmışdır. Agentlik tərəfindən media subyektlərinin inkişafına, jurnalistlərin peşəkarlığının artırılmasına və müasir rəqəmsal medianın formalaşdırılmasına mühüm dəstək göstərilir.
 
 Azərbaycan Mətbuat Şurası jurnalistikanın peşə etikası prinsiplərinin qorunması, media ilə ictimaiyyət arasında sağlam münasibətlərin formalaşdırılması və söz azadlığının inkişafı istiqamətində mühüm fəaliyyət göstərir.
 
 Azərbaycan Jurnalistlər Birliyi uzun illərdir jurnalistlərin hüquqlarının müdafiəsi və peşəkar fəaliyyətlərinin dəstəklənməsi istiqamətində əhəmiyyətli işlər həyata keçirir.
  Dövlət tərəfindən jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə yaşayış binalarının inşa olunması və mənzillərin jurnalistlərə təqdim edilməsi Azərbaycan dövlətinin mətbuata göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
 
 Azərbaycan mediasının inkişafı naminə qəzetlərə, xəbər saytlarına və digər kütləvi informasiya vasitələrinə müxtəlif dövlət dəstəyi mexanizmləri tətbiq edilmiş, jurnalistlər fəxri adlar, orden və medallarla, eləcə də müxtəlif mükafatlarla təltif olunmuşlar.
 
 Bu gün Azərbaycan mətbuatı müstəqillik, peşəkarlıq və milli maraqlar prinsipləri əsasında inkişaf edir. Rəqəmsal media mühitinin formalaşması, müasir texnologiyaların tətbiqi və dövlət dəstəyi Azərbaycan mediasının beynəlxalq informasiya məkanında daha güclü mövqe qazanmasına şərait yaratmışdır.
 
 151 illik tarixə malik Azərbaycan milli mətbuatı Həsən bəy Zərdabinin "Əkinçi" məktəbinin davamçısı olaraq həqiqətə, dövlətçiliyə və milli maraqlara xidmət etmək missiyasını bu gün də şərəflə yerinə yetirir.
 
 22 İyul – Milli Mətbuat Günü münasibətilə əsil qələm, söz, imza sahibləri media nümayəndələrini, jurnalistləri və mətbuat işçilərini ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar və yeni-yeni yaradıcılıq nailiyyətləri arzulayıram.
 
Anar Nağıyev
Hüquqşünas – jurnalist

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.