Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 447-VIIQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Demiryumruq.az fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 49.4-1-ci maddəsində və 49.4-2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 49.4-1-ci maddəsində, 49.4-2-ci maddəsinin birinci (birinci halda) və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 49.4-2-ci maddəsinin birinci cümləsində ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 49.4-2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, qeyri-rezident hüquqi və ya fiziki şəxslərin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilməsi ilə bağlı satınalan təşkilatların müraciətlərinə baxılması və qərarların qəbul edilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 447-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “Dövlət satınalmaları haqqında” 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1174 (Cild I); 2025, № 7, maddə 652, № 11, maddə 1018; 2026, № 3, maddə 214) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.1-ci bəndə “42.2-ci,” sözlərindən sonra “49.4-1-ci maddələrində, 49.4-2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində,” sözləri əlavə edilsin;
3.2. 1.4-cü bənddə “və 52.2-ci maddələrində” sözləri “, 49.4-1-ci maddələrində,
49.4-2-ci maddəsinin birinci (birinci halda) və ikinci cümlələrində, 52.2-ci maddəsində” sözləri ilə əvəz edilsin;
3.3. 1.7-ci bəndə “cümlələrində” sözündən sonra “, 49.4-2-ci maddəsinin birinci cümləsində (ikinci halda)” sözləri əlavə edilsin.
***
Prezident İlham Əliyev “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” (bundan sonra – Tədbirlər Planı) təsdiq edilsin (əlavə olunub).
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
2.1. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;
2.2. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.