Dəmir yumruq » Manşet » Şuşa Qlobal Media Forumu - dünyaya verilən mesajlar
Manşet / Siyasət / 15-07-2026, 17:50

Şuşa Qlobal Media Forumu - dünyaya verilən mesajlar

 

 

Qlobal geosiyasi proseslərin ən həssas və dinamik dövrlərindən birini yaşadığımız hazırki mərhələdə Qarabağın tacı Şuşa şəhəri növbəti dəfə mühüm dünya miqyaslı müzakirələrin mərkəzinə çevrildi. Azərbaycan Prezidenti bu tədbirdə iştirak etməklə 53 ölkədən 160 nümayəndənin, o cümlədən 30 xəbər agentliyinin, 60-dan çox media qurumunun, eləcə də media sahəsində fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsissatın iştirak etdiyi “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunmuş IV Şuşa Qlobal Media Forumunun əhəmiyyətini, beynəlxalq nüfuzunu və davamlı xarakterini vurğuladı.


Dövlət başçısının vurğuladığı kimi Şuşa Qlobal Media forumu artıq beynəlxalq xarakter daşıyır, iştirakçıların sayı ildən ilə artır və bu, tədbirə olan beynəlxalq marağın davamlı şəkildə yüksəldiyini göstərir. Azərbaycanın, xüsusilə işğaldan azad edilmiş Qarabağın və Şuşanın belə nüfuzlu auditoriyanı qəbul etməsi ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndiyini, regionun isə sülh, əməkdaşlıq və dialoq məkanına çevrildiyini nümayiş etdirir.


Prezident İlham Əliyev forum çərçivəsində Azərbaycanın artıq orta güc statusuna malik bir dövlət kimi qlobal sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə vermək əzmini beynəlxalq ictimaiyyətə bir daha bəyan etdi. Dövlət başçısı 3 saata yaxın davam edən görüşündə ən həssas məsələlərə toxunaraq Azərbaycanın qarşısında duran çağırışları yerinə yetirdiyini geniş şəkildə şərh etdi. Dövlət başçısının çıxışında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri ilə bağlı fikirlər xüsusi əhəmiyyət daşıyırdı.


Xarici media nümayəndələrinin həmin ərazilərə səfəri, həyata keçirilən layihələrlə yaxından tanış olması Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə birbaşa təqdimatı baxımından mühüm əhəmiyyət daşıyırdı. Forum zamanı Türkiyə - Azərbaycan münasibətlərinə verilən yüksək qiymət də xüsusi diqqət çəkən məqamlardan idi. Prezident İlham Əliyevin “Biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik fikri” iki ölkə arasında münasibətlərin ən yüksək strateji səviyyəyə yüksəldiyini bir daha təsdiqlədi. Forumda Avropa İttifaqı ilə münasibətlər də geniş şəkildə dəyərləndirildi. Prezident İlham Əliyev Avropa Şurası Parlament Asambleyasının Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli yanaşmanı da kəskin tənqid etdi.


Dövlət başçısı xatırlatdı ki Ermənistan işğalçı qüvvələri Azərbaycan torpaqlarını işğal altında saxladığı bütün dövrlərdə ölkəmiz AŞPA tərəfindən heç vaxt sanksiyaya məruz qalmayıb, lakin ərazilərimizin tam azad edilməsindən sonra Azərbaycana qarşı ultimatum xarakterli və tamamilə qəbuledilməz tələblərin irəli sürülməsi AŞPAnın ölkəmizə münasibətdə ikili standartlardan çıxış etdiyini açıq şəkildə nümayiş etdirir. Ölkə başçısının vurğuladığı kimi 5 il ərzində Azərbaycanı hədəfə alan 13 qətnamə qəbul edilib və onlardan heç biri bizə vacib deyil və hər hansı məsələyə təsir etmir.


Gələcəkdə AŞPA ilə münasibətlərlə bağlı sualları cavablandırarkən cənab Prezident qeyd etdi ki, Azərbaycan hər zaman konstruktiv dialoqun tərəfdarı olub, əlbəttə gələcəkdə AŞPA ilə münasibətlərin yeni formatda qarşılıqlı etimad, bərabərlik, bərpa etdiyimiz suverenliyimizə hörmət və siyasi qərəzdən uzaq əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsi həm təşkilatın nüfuzunun artmasında, həm də Avropa məkanında sağlam dialoqun formalaşmasına xidmət edəcək. Forum çərçivəsində dövlət başçısı mövcud geosiyasi, iqtisadi və nəqliyyat reallıqlarının Azərbaycanın strateji əhəmiyyətini daha da artırdığını xüsusi vurğuladı.


Son illər həyata keçirilən iri miqyaslı infrastruktur layihələri, enerji təhlükəsizlik sahəsində qazanılan naliyyətlər, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, çoxtərəfli əməkdaşlıq siyasəti sayəsində ölkəmizin regionun aparıcı dövlətlərindən biri kimi mövqeyini daha da möhkəmləndirdiyini qeyd etdi. Forum çərçivəsində səsləndirilən fikirlər Azərbaycanın regional və qlobal geosiyasi prosesslərdə oynadığı rolun daha aydın təqdim olunmasına imkan yaratdı.


Prezident İlham Əliyev bu məqamlara diqqət çəkərək qeyd etdi ki qonşularla qarşılıqlı etimada və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlər olmadan heç bir ölkənin etibarlı tranzit mərkəzinə çevrilməsi mümkün deyil. Məhz bu prinsipə əsaslanan xarici siyasət kursu nəticəsində Azərbaycan Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından birinə çevrilib, Avrasiya məkanında etibarlı logistika və enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirib. Forumda həmçinin ABŞ - Azərbaycan münasibətlərindən də geniş şəkildə bəhs olundu.


Dövlət başçısı iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf etdiyini, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəal işlərin aparıldığını vurğuladı. Cənab Prezident Tarixi Vaşinqton görüşünə diqqət çəkərək sülh sazişinin paraflanmasının əhəmiyyətini, hazırki Amerika – Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu xüsusi vurğuladı. Həmçinin 907-ci düzəlişlə bağlı fikirlər səsləndirərkən qeyd etdi ki, Azərbaycana qarşı qəbul edilmiş ən ədalətsiz qərarlardan biri kimi ölkəmiz keçmiş sovet respublikaları arasında ABŞ Konqresinin ayrıseçkiçilik siayəsinə məruz qalan yeganə dövlət olub və həmçinin vurğuladı ki, bu nə qədər tez və tam şəkildə ləğv edilərsə həm Azərbaycan, həm də ikitərəfli münasibətlərin gələcək inkişafı baxımından bir o qədər də faydalı olacaq.


Ümumilikdə Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycanın xarici siyasəti praqmatik, balanslaşdırılmış və uzunmüddətli strateji hədəflərə əsaslanır. Məhz bu siyasət nəticəsində Azərbaycan regionda həm etibarlı  tərəfdaş, həm də qlobal əməkdaşlığın fəal iştirakçısı kimi qəbul edilir.


 

 

 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.