Dəmir yumruq » Manşet » Mənim polisim məni qoruyur – Vətənimizin, xalqımızın, dövlətimizin dayağında.. 
Manşet / Köşə / 2-07-2026, 20:42

Mənim polisim məni qoruyur – Vətənimizin, xalqımızın, dövlətimizin dayağında.. 


 

Mənim polisim məni qoruyur – Vətənimizin, xalqımızın, dövlətimizin dayağında.. 

Bu il Azərbaycan Polisi yaradılmasının 108-ci ildönümünü böyük qürur hissi ilə qeyd edir. Bu əlamətdar tarix təkcə hüquq-mühafizə orqanlarının yaranma günü deyil, həm də dövlətçiliyimizin, milli təhlükəsizliyimizin və ictimai sabitliyimizin şərəfli salnaməsidir.
Eyni zamanda, dövlət müstəqilliyimizin bərpasının 35-ci ildönümü keçdiyimiz dövlətçilik yoluna nəzər salmağı zəruri edir. Bu yolun əsas nəticəsi isə hər kəsə məlumdur: tarixin ən güclü Azərbaycanı qurulmuş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilmişdir. Əsrlər boyu xalqımızın ən böyük arzusu olan bu tarixi nailiyyətlər müstəqilliyimizin ən möhtəşəm simvoluna çevrilmişdir.
Müstəqil Azərbaycanın qazandığı bütün uğurların əsasında Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən dövlətçilik siyasəti dayanır. Məhz bu siyasi kurs sayəsində ölkəmiz xaosdan sabitliyə, tənəzzüldən tərəqqiyə, məğlubiyyətdən Zəfərə doğru tarixi yol keçmişdir.
Bu uğurların əldə olunmasında Daxili İşlər Nazirliyi və Azərbaycan Polisi xüsusi xidmətləri ilə seçilmişdir. 1918-ci il 2 iyul tarixində əsası qoyulan Azərbaycan Polisi ötən 108 il ərzində dövlətin təhlükəsizliyinin, qanunun aliliyinin və ictimai asayişin keşiyində ləyaqətlə dayanmışdır.
Müstəqilliyin ilk illərində ölkədə hökm sürən ağır siyasi və hərbi vəziyyət, cinayətkarlığın artması, daxili qarşıdurmalar hüquq-mühafizə orqanlarının üzərinə son dərəcə məsuliyyətli vəzifələr qoymuşdu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən islahatlar nəticəsində hüquq-mühafizə sistemi yenidən quruldu, ölkədə sabitlik və qanunçuluq təmin edildi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən təhlükəsiz və sabit ölkələrindən biri kimi tanınır. Dünyanın müxtəlif bölgələrində müharibələr, terror aktları, miqrasiya böhranları və siyasi qarşıdurmalar davam etdiyi bir vaxtda Azərbaycanda hökm sürən sabitlik dövlət siyasətinin və hüquq-mühafizə orqanlarının peşəkar fəaliyyətinin nəticəsidir.
Azərbaycan Polisi müasir dövrdə yalnız cinayətkarlığa qarşı mübarizə aparan qurum deyil. Rəqəmsal texnologiyaların tətbiqi, kibercinayətkarlığa qarşı effektiv mübarizə, elektron xidmətlərin genişləndirilməsi və vətəndaş məmnunluğunun artırılması polis fəaliyyətini keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.
Azərbaycan Polisinin qəhrəmanlıq salnaməsində Qarabağ uğrunda döyüşlər xüsusi yer tutur. Birinci Qarabağ müharibəsində yüzlərlə polis əməkdaşı Vətən uğrunda şəhid oldu, minlərlə əməkdaş igidlik göstərdi. Bu şərəfli ənənə 44 günlük Vətən müharibəsində və sonrakı antiterror tədbirlərində də davam etdirildi. Polis əməkdaşları ön və arxa cəbhədə dövlətə və xalqa sədaqətlə xidmət edərək Azərbaycanın Zəfər tarixinin yazılmasına öz layiqli töhfələrini verdilər.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda təhlükəsizliyin təmin olunması, hüquq qaydasının qorunması, Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi istiqamətində də polis əməkdaşları fədakarlıqla xidmət göstərirlər.
Polis peşəsi sadəcə forma geyinmək deyil. Bu, gecə-gündüz demədən xalqın təhlükəsizliyi naminə xidmət etmək, məsuliyyət daşımaq, həyatını riskə atmaq və dövlətə sədaqətlə xidmət etmək deməkdir. Minlərlə polis əməkdaşı ölkənin hər guşəsində, ən ucqar yaşayış məntəqələrində belə vətəndaşların rahatlığı və təhlükəsizliyi üçün yorulmadan çalışır.
Son illərdə polisə ictimai etimadın artması, gənclərin Polis Akademiyasına marağının yüksəlməsi, xidmətin müasir standartlara uyğun qurulması və vətəndaş məmnunluğunun yüksəlməsi həyata keçirilən islahatların real nəticəsidir. Artıq Azərbaycan Polisi yalnız hüquq-mühafizə orqanı deyil, eyni zamanda cəmiyyətin güvəndiyi mühüm sosial institutlardan birinə çevrilmişdir.
Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın fəaliyyəti də polis-vətəndaş münasibətlərinin inkişafına, ictimai nəzarətin gücləndirilməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə verir.
Azərbaycan Polisi dövlətçiliyimizin etibarlı dayağı, ictimai sabitliyin təminatçısı və müstəqilliyimizin keşiyində dayanan qüdrətli bir məktəbdir. Onların şərəfli xidməti sayəsində ölkəmiz təhlükəsizlik, sabitlik və inkişaf yolu ilə inamla irəliləyir.
Bu əlamətdar gündə Azərbaycan Polisinin bütün şəxsi heyətini, xidmətdə olan və ehtiyatda olan əməkdaşları, şəhid polis ailələrini və qazilərimizi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, xidmətdə uğurlar və Vətənə şərəfli xidmət arzulayıram.
Çünki bu gün də hər bir Azərbaycan vətəndaşı qürurla deyir:
"Mənim polisim məni qoruyur!"

Anar Nağıyev
Hüquqşünas-jurnalist



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.