Ermənistanda konstitusiya referendumu mövzusu tədricən siyasi gündəmdə öz yerini tutmaqdadır. Məlumdur ki, 7 iyun parlament seçkilərinin nəticələrinə görə, hakim “Mülki Müqavilə” partiyası parlamentdə 2/3 konstitusiya çoxluğu əldə edə bilməsə də, 3/5 konstitusion çoxluğu təmin edib. Ona görə də yeni konstitusiya layihəsini parlamentin qərarı ilə referenduma çıxarmaq hələlik mümkünsüz görünür. Lakin çıxış yolu var.

“Bu məqsədə çatmaq üçün hakim komanda öz seçicilərini bu prosesə cəlb edib 300 000 vətəndaşın imzasını toplamaq və konstitusiya dəyişiklikləri layihəsini parlamentin təsdiqi olmadan referenduma təqdim etmək niyyətindədir”.
Bunu erməni revanşist ekspert Suren Surenyants yerli mediaya açıqlamasında deyib.
Qeyd edək ki, Ermənistan Konstitusiyasının 207-ci maddəsi konstitusiya referendumları üçün xüsusi hədlər müəyyən edib. Belə ki, layihəyə referendumda iştirak edənlərin yarıdan çoxu (amma eyni zamanda, səsvermə hüququ olan seçicilərin ən azı dörddə biri) lehinə səs verərsə, qəbul edilmiş sayılır. Son məlumatlara əsasən, ölkədə səsvermə hüququ olan vətəndaşların sayı 2 485 851 nəfərdir. Yəni, onların ən azı 1/4-i – 621462-si lehinə səs verməlidir ki, yeni konstitusiya qəbul olunmuş sayılsın.
Mümkün olacaqmı?
Müqayisə üçün: 7 iyun seçkilərində hakim partiya 727 818 səs alıb. Lakin seçici fəallığından asılı olaraq bu rəqəm referendumda kifayət etməyə bilər...

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə tələb olunan 300 min imzanın toplanmasını real sayır. Onun fikrincə, 700 mindən çox səs alan partiya həmin seçicinin yarısından zəruri imzanı toplaya bilər.
Hüquq müdafiəçisi hesab edir ki, ermənilər sülhün gətirdiyi faydaları hiss etməyə başlayıblar: "Onlar Qarabağ iddiasının vurduğu zərərin nəticələrini həyatlarında yaşadılar. Sülh dövründə isə erməni əsgəri ölmür, iqtisadi dividendlərdən faydalanır, gələcəkdə bundan da, yaxşı olacağını bilirlər. Seçkilər ərəfəsində tək-tük şəxslərin Paşinyanı Qarabağa görə ittiham etməsi göstərdi ki, onların sayı çox deyil. Ona görə də referendumla bağlı mümkün variantlardan biri olan imza toplanmasını yüksək ehtimal hesab edirəm. Başqa bir versiya isə müxalif cəbhədən olan 6 deputatla anlaşma əldə edilməsidir. Bu zaman 70 səs parlamentdə yetərsay olacaq ki, referendum qərarı verilsin. Paşinyan özü də bir neçə gün əvvəl bildirib ki, konstitusiya mütləq dəyişəcək. Görünür, baş nazir özünə əmindir. Üstəlik, konstitusiyada köklü islahatlar nəzərdə turulur. Ermənilər yalnız Qarabağa aid hissəsini əsas götürüb yeni qanunvericilik aktından imtina etməzlər".

Ç. Qənizadə hesab edir ki, müəyyən qədər risk var, amma ümumxalq səsverməsində zəruri həddin aşılacağına ümid edir: "Erməni cəmiyyəti son seçkilərdə də sülhü dəstəklədi. Əhali müharibələrdən yorulub. Qarabağdan Ermənistana gedənlər də qayıtmaq istəmirlər. Ermənilər irəli baxmalıdır. Hazırda taxıl, gübrə Azərbaycandan tranzit keçir, benzin və dizel satırıq, gələcəkdə qaz da verilməsi mümkündür. Daha sonra ticarət genişlənəcək, layihələr həyata keçiriləcək, Türkiyə ilə sərhədlərin açılması sayəsində iqtisadi inkişaf olacaq. Bəs ermənilər nə istəyir? Bütün bunların müqabilində Qarabağa iddianı konstitusiyada saxlamağa dəyərmi? Axı 30 il ərzində heç bir dövlət rəsmi şəkildə bəyan etməyib ki, bu ərazilər Ermənistana aiddir. Yəni beynəlxalq hüquq həmişə yanımızda olub. Bunu ermənilər anlayır və inkişaf, sülh istəyirlərsə, Paşinyanın sözünə qulaq asmalıdırlar".
Emil Salamoğlu