"
"Uşaqlar bizim gələcəyimizdir"
Heydər Əliyev.
Müsahibə :
"Dövlətimiz tərəfindən uşaqlara göstərilən qayğı daima diqqət mərkəzindədir"
Mehdi SƏLİMZADƏ
1 İyun – Ümumdünya Uşaqların Müdafiəsi Günü münasibətilə ölkəmizin bütün uşaqlarını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxt həyat, sağlam və savadlı böyümələr arzulayırıq. Uşaqlar bizim gələcəyimiz, dövlətimizin və xalqımızın sabahıdır.
Son günlər ölkəmizdə uşaqlara dövlət qayğısı, sosial təminat və bu sahədə həyata keçirilən layihələr ətrafında müxtəlif fikirlər səsləndirilir, mövzu mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunur. Məhz bu məsələlərə münasibət öyrənmək məqsədilə müxtəlif məsul vəzifələrdə çalışmış, siyasi elmlər üzrə fəlsəfə dokdoru, professor, Ədliyyə general-mayoru Mehdi İldırım oğlu Səlimzadə ilə əlaqə saxladıq.
Mehdi müəllim müsahibə vermək istəmədiyini bildirsə də, 1 İyun – Ümumdünya Uşaqların Müdafiəsi Günü münasibətilə fikirlərini bizimlə bölüşdü.
– Cənab Səlimzadə bu əlamətdar gün münasibətilə uşaqlara nə arzulayardınız?
Mehdi Səlimzadə :
— İlk növbədə bütün uşaqları səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, onlar sağlam, savadlı, vətəninə, xalqına bağlı və layiqli vətəndaşlar kimi böyüsünlər. Uşaqlar hər bir ailənin sevinci, dövlətimizin isə gələcəyidir.
Azərbaycan Respublikasında uşaqlara göstərilən qayğı daima diqqət mərkəzindədir. Ölkə Prezidenti cənab İlham Əliyevin uşaqlara xüsusi münasibəti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə həyata keçirdiyi humanitar layihələr hər zaman cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.
Bu gün respublikanın müxtəlif bölgələrində müasir standartlara cavab verən məktəblər, uşaq bağçaları, təhsil və inkişaf mərkəzləri tikilərək istifadəyə verilir. Dövlətimiz gələcəyimiz olan uşaqların hərtərəfli inkişafı üçün böyük layihələr həyata keçirir.
– Son günlər uşaqlarla bağlı sosial təminat məsələləri geniş müzakirə olunur. Bu barədə fikirləriniz necədir?
Mehdi Səlimzadə :
— Mən bu məsələyə yalnız vətəndaş mövqeyindən yanaşa bilərəm. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müxtəlif layihələr hazırlanır və həyata keçirilir. Hökümət tərəfindən təsdiq olunan sosial müavinət paketi lahiyəsində uşaqlar üçün yardım nəzərdə tutulub. Mən bu müavinətin hansl təbəqədə olan uşaqlar üçün nəzərdə tutulduğunu bilmirəm, amma bu müavinət hökümət tərəfindən verilirsə onun adı niyə uşaq pulu kimi səslənməsin və niyə bütün uşaqlara həvalə olunmasın..
Bunun sadə və hüquqi əsaslara söykənən açıqlanması hər kəsə məlumdur.
Hal hazırda dövlətin mövcud büdcəsi nəzərə alınması vacibdir. Hökümətin əsas vəzifələrindən biri büdcəni təşkil etmək ondan səmərəli istifadədir. Digər vəzifəsi isə konstitusiyada olduğu kimi vətəndaşların layiqli həyat şəraitini təmin etməkdir. Uşaqların sosial təminat müavinət məsələsi təmin olunmalıdır. Hesab edirəm ki, əlavə olaraq uşaq fondu yaratmaq olar ki, fond vasitəsilə uşaqların yardım maliyyə dəstəyi həyata keçirilə bilər. Buda dövlət büdcəsinə kömək məqsədi daşıyar. Dövlət büdcəsinin yüklənməsinə qarşısı alınar.
Mən hesab edirəm ki, uşaqlara dəstək məqsədilə dövlət proqramları ilə yanaşı, sahibkarlar və vətəndaş cəmiyyəti institutları tərəfindən də müxtəlif fondlar yaradıla bilər. Bu fondlar vasitəsilə ehtiyacı olan, sosial vəziyyəti nəzərə alınmaqla müəyyən kateqoriyalara aid uşaqlara yardım göstərilməsi mümkündür.
Əsas məsələ şəffaflığın təmin olunması, vəsaitlərin düzgün istiqamətləndirilməsi və ictimai nəzarətin həyata keçirilməsidir.
– Sosial şəbəkələrdə və mediada səsləndirilən müxtəlif fikirlərə münasibətiniz necədir?
Mehdi Səlimzadə:
— Hər kəsin öz fikrini ifadə etmək hüququ var və mən bütün fikirlərə hörmətlə yanaşıram. Lakin ictimai əhəmiyyət kəsb edən məsələlər barədə danışarkən məsuliyyət hissi də unudulmamalıdır.
İrəli sürülən hər bir fikir ölçülüb-biçilməli, dövlətçilik maraqları, milli dəyərlər və cəmiyyətin ümumi mənafeyi nəzərə alınmalıdır. Hər hansı mövzuya münasibət bildirərkən hüquqi və ictimai əsaslar diqqətlə qiymətləndirilməlidir.
İctimai rəy formalaşdırmaq böyük məsuliyyətdir. Bu baxımdan hər bir şəxs dediyi sözün cəmiyyətə təsirini nəzərə almalıdır. Dövlət müvafiq qərarları qəbul edir və vətəndaş olaraq həmin qərarlara hörmətlə yanaşmaq vacibdir.
– Dövlətimizin həyata keçirdiyi böyük layihələr barədə nə deyə bilərsiniz?
Mehdi Səlimzadə:
— Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma, quruculuq və abadlıq işləri hər bir Azərbaycan vətəndaşında qürur hissi yaradır. Uzun illər işğal altında qalmış torpaqlarımızda müasir şəhərlər, kəndlər, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa edilir.
Ən böyük sevinc isə odur ki, insanlar öz əzəli və əbədi torpaqlarına qayıdır, doğma yurdlarında sülh və firavanlıq şəraitində yaşamaq imkanı əldə edirlər.
Bu, dövlətimizin gücünün və düzgün siyasətinin nəticəsidir.
Müsahibənin sonunda Mehdi müəllimə rəhbərlik etdiyi dövrlərdə rayonun uşaqlarına və gənclərinə göstərilən diqqətin, istedadlı gənclərin dəstəklənməsi istiqamətində görülən işlərin dövrü mətbuatda geniş işıqlandırıldığını xatırlatdıq.
Mehdi müəllim gülümsəyərək bildirdi:
— Vətəndaşlara xidmət etmək dövlət başçımız tərəfindən bizə verilən ən mühüm tapşırıq olub. Uşaqlara və gənclərə qayğı göstərməyi, onların inkişafına dəstək verməyi biz Prezidentimizdən öyrənmişik. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: “Mən qalan ömrümü xalqıma həsr edirəm.” Bu prinsip hər zaman fəaliyyətimizin əsas istiqaməti olub.
Beləliklə, söhbətimizi yekunlaşdırdıq.
Biz də öz növbəmizdə hörmətli Mehdi Səlimzadəyə möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Müsahibəni hazırladı :Gülnar Azəri