Mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı müşavirədə nitq söyləyərək aqrar sahənin inkişafı ilə bağlı bir sıra vacib tapşırıqlar verib.
Dövlət başçısı çıxışında ilk olaraq ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlərə və əldə olunan nəticələrə diqqət çəkib. Prezidentin nitqində qeyd olunub ki, kənd təsərrüfatı sahəsinə daim böyük diqqət göstərilir və bu istiqamətdə həyata keçirilən dövlət siyasəti ölkənin ümumi sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Dövlət başçısının nitqində həmçinin qeyd olunub ki, 2004-cü ildə ilk dəfə prezident seçildikdən sonra irəli sürdüyü əsas təşəbbüslərdən biri regionların sosial inkişafına dair Dövlət Proqramı olmuşdur və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi. Prezident vurğulayıb ki, 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi, nəticə etibarilə mövcud problemlərin aradan qaldırılmasına, kəndlərin dirçəldilməsinə, əhalinin rifahının yaxşılaşdırılmasına mühüm töhfə vermişdir. Həyata keçirilən tədbirlər nəticəsində son illərdə regional inkişaf proqramları çərçivəsində kənd təsərrüfatının inkişafına ciddi təkan verilib, infrastruktur layihələr həyata keçirilib, su, yol və enerji təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.
Prezident İlham Əliyev kənd təsərrüfatının inkişafında subsidiya mexanizmləri, güzəştli kreditlər və dövlət dəstəyi istiqamətində bu sahədə nailiyyətlərə də diqqət çəkib. Bildirib ki, bunun nəticəsində pambıqçılıq, fındıqçılıq və digər sahələrdə ciddi artım qeydə alınıb. Dövlət başçısı bununla bərabər əsas çağırış kimi kənd təsərrüfatı istehsalındakı mövcud dinamikanın onu qane etmədiyini də bildirib, həm yerli, həm də xarici investorları bu sahəyə təşviq etməyin vacibliyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, son illərdə kənd təsərrüfatı istehsalında müşahidə olunan durğunluq yeni Dövlət Proqramının hazırlanmasını zəruri edib. Prezident həmçinin vurğulayıb ki, 2026-2030-cu illəri əhatə edəcək proqram çərçivəsində məhsuldarlığın artırılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, müasir suvarma sistemlərinin genişləndirilməsi və kənd təsərrüfatına investisiyaların artırılması əsas prioritetlər olacaq. Prezidentin nitqində kəndlərin inkişafının vacibliyi xüsusi olaraq vurğulanıb. Qeyd olunub ki, “biz elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlansın.”
Çıxış zamanı heyvandarlıq məhsulları, quşçuluq, balıqçılıq, bitki yağları, çayçılıq, şəkər və digər məhsullar üzrə təminat göstəriciləri açıqlanmış, investorlar idxal olunan məhsulların ölkə daxilində istehsalına töhfə verməyə dəvət edilmişdir.
Eyni zamanda kənd təsərrüfatı texnikası ilə təminat, gübrə istehsalı, fermerlərin maarifləndiriləsi, aqrar sığorta sisteminin təkmilləşdirilməsi isatiqamətində görülən işlərdən də geniş şəkildə bəhs olunub. Dövlət başçısı subsidiyaların çevik mexanizm əsasında tətbiq edilməsinin, bazar tələblərinin nəzərə alınmasının və ixrac strategiyasının düzgün qurulmasının vacibliyini diqqətə çatdırmışdır.
Müşavirədə həmçinin torpaqlardan səmərəli istifadə, müasir suvarma sistemlərinin tətbiqi, soyuducu anbarlarının yaradılması, aqrar sahədə innovativ texnologiyaların və süni intellekt imkanlarının tətbiqi ilə bağlı qarşıda duran vəzifələrdən də bəhs olunub. Son illər ölkədə 400 min ton tutumlu soyuducu anbarlar yaradıldığı, su təminatı sahəsində mühüm layihələrin həyata keçirildiyi qeyd olunmuşdur. Taxtakörpü, Şəmkirçay və digər su ambarlarının kənd təsərrüfatının inkişafında mühüm rol oynamış, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən su layihələrinin böyük əhəmiyyət daşıdığı bildirilmişdir. Prezident İlham Əliyev Şirvan və Qarabağ kanallarının yenidən qurulması, müasir suvarma sistemlərinin genişləndirilməsi, məhsuldarlığın artırılması, pambıqçılıq, intensiv bağçılıq və istixana komplekslərinin inkişafı, ət-süd məhsulları ilə özünütəminetmə səviyyəsinin maksimuma çatdırılması ilə bağlı qarşıda duran vəzifələr də diqqətə çatdırmışdır.
Sonda dövlət başçısı yeni Dövlət Proqramının qısa müddətdə və effektiv şəkildə icrasının vacibliyini qeyd edib. Prezidentin yekun nitqində aqrar sahəyə yatırılacaq investisiya həcmi və icra mexanizmləri vurğulanmışdır. Dövlət tərəfindən təxminən 2 milyard manat, özəl sektor tərəfindən isə 3 milyard manatdan çox vəsaitin qarşıdakı 4 il yarım ərzində səfərbər edilməsi və proqramın icrasına dərhal başlanılması tapşırılmışdır.