Dəmir yumruq » Manşet » Dayanıqlı şəhərlər və yaşıl inkişaf strategiyası
Manşet / Siyasət / Dün, 18:23

Dayanıqlı şəhərlər və yaşıl inkişaf strategiyası

 

Son illərdə qlobal əhəmiyyətli beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan növbəti dəfə planetin diqqət mərkəzinə çevrilmişdir. Dünyanın ən nüfuzlu toplantılarından sayılan COP 29-dan sonra paytaxtımız daha bir iri maştablı humanitar və iqtisadi platformanın – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi edir.


Mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının(WUF13) açılış mərasimi təkcə beynəlxalq tədbirin başlanğıcı deyil, həm də Azərbaycanın urbanizasiya, dayanıqlı inkişaf və qlobal əməkdaşlıq sahəsində formalaşdırdığı strateji xəttin növbəti mühüm təqdimatı kimi yadda qaldı. Bu forum paytaxt Bakının artıq regional deyil, qlobal müzakirə platformalarından birinə çevrildiyini bir daha nümayiş etdirir. WUF13 yalnız müzakirə platforması deyil, bu forum şəhərlərin gələcəyi ilə bağlı qlobal baxışların formalaşdığı, innovativ yanaşmaların təqdim olunduğu və dayanıqlı urban inkişaf modellərinin müzakirə edildiyi mühüm qərar məkanıdır. Məhz bu baxımdan, Bakının belə bir tədbirə ev sahibliyi etməsi təsadüfi deyil. Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələri, xüsusilə işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi Azərbaycanın bu sahədə qabaqcıl təcrübəyə malik olduğunu sübut edir. Forumun açılış mərasimində çıxış edən ölkə başçısı düşünülmüş, proqram xarakterli və konseptual çıxışı ilə həm Azərbaycanın şəhərsalma sahəsindəki fəlsəfəsini, həm də işğaldan azad edilmiş ərazilərdə aparılan misilsiz quruculuq tədbirləri, infrastruktur layihələrin icrası istiqamətində görülən işlərin mahiyyətini bir daha dünyaya bəyan etdi.


Prezident İlham Əliyev çıxışı əsnasında şəhərsalma sahəsində həyata keçirilən siyasətin əsas istiqamətlərini, tarixi-mədəni irsin qorunması ilə müasir urbanizasiya arasında yaradılmış balansı, postmünaqişə dövründə aparılan yenidənqurma işlərini və ekoloji transformasiya layihələrini geniş şəkildə şərh etdi. Dövlət başçısının nitqində qədim memarlıq irsi ilə müasir urbanizasiya modellərinin uzlaşdırılması, azad edilmiş ərazilərin yenidən qurulması, yaşıl şəhər konsepsiyaları və insan yönümlü inkişaf prinsipləri əsas xətt kimi diqqət çəkirdi. Prezident çıxışında xüsusi vurğuladı ki, şəhərsalma yeni binaların tikilməsi deyil, həm də milli irsin qorunması prosesidir. Azərbaycanın qədim şəhərləri, tarixi abidələri haqqında səsləndirilən fikirlər ölkəmizin zəngin mədəni irsinin beynəlxalq auditoriyaya təqdimatı baxımından mühüm əhəmiyyət daşıyırdı. Şamaxıdakı qədim məscid, Naxçıvandakı Möminə xatun turbəsi, Şəkinin tarixi abidələri, Lahıcın mühəndislik sistemi, Şuşanın meamrlıq irsi və bir sıra memarlıq nümunələri xalqımızın əsrlər boyu formalaşdırdığı yüksək mədəniyyətin göstəriciləridir. Dövlət başçısının qeyd etdiyi kimi Azərbaycan yalnız musiqisi və ədəbiyyatı ilə deyil, həm də memarlıq nümunələri ilə qədim tarixini yaşadır və gələcək nəsillərə ötürür.


Prezidentin çıxışında ekoloji layihələrlə bağlı fikirlər də yer aldı. Dövlət başçısı qeyd etdi ki, Bakı uzun illər neft sənayesinin təsiri nəticəsində ciddi ekoloji problemlərlə üzləşmişdir. Son illərdə həyata keçirilən layihələr şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. Vaxtilə ağır çirklənməyə məruz qalmış qara şəhərin müasir Ağ şəhərə çevrilməsi urbanistik transformasiyanın uğurlu nəticəsidir.


Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələri prezidentin çıxışında geniş yer alan məqamlardan idi. Ermənistanın işğalı dövründə Azərbaycan şəhərlərinin dağıdılması dünya ictimaiyyətinə çatdırıldı. Dövlət başçısı Ağdamın işğal dövründə tamamilə yerlə yeksan edilməsini, “Qafqazın Xirosiması” adlandırılmasını işğal dövründə törədilmiş vandalizmin aydın şəkildə təzahürü olduğunu bildirdi. Prezident nitqində postmünaqişə dövründə azad olunmuş bütün ərazilərdə quruculuq konsepsiyalarının icra olunmasından geniş şəkildə bəhs etdi. Qısa müddət ərzində yolların, körpülərin, tunellərin, hava limanların, sosial obyektlərin tikilməsi Azərbaycanın güclü iqtisadi imkanlarını nümayiş etdirdiyini vurğuladı. Prezidentin çıxışında postmünaqişə dövründə həyata keçirilən ən mühüm dövlət layihələrindən olan Böyük Qayıdış Proqramı istiqamətində həyata keçirilən tədbirlərə də toxunuldu. Ölkə başçısının çıxışında həmin ərazilərdə məşğulluq məsələsi də xüsusi qeyd olunan məqamlardan idi. Prezident qeyd etdi ki, insanların evlə təmin olunması ilə yanaşı, onların iş yerləri ilə təmin olunması da əsas prioritetlərdəndir. Çıxışda vurğulandı ki, Qarabağ və Şərqi Zəngəzurda yaradılan sənaye zonaları və iqtisadi layihələr regionun uzunmüddətli inkişafına hesablanmış strateji addımlardır.


Forumda qeyd olunan mühüm məqamlardan biri də şəhərsalma prosesinin insan amilinə xidmət etməsidir. Ümumilikdə həyata keçirilən bütün layihələrin əsas məqsədi insanların rahat yaşayışı, təhlükəsizliyi və rifahının təmin olunmasıdır. Bu baxımdan müasir şəhərsalma yalnız tikinti prosesi deyil, həm də sosial rifah, məşğulluq, ekoloji tarazlıq və mədəni irsin qorunması kimi vacib amilləri özündə birləşdirən kompleks inkişaf modelidir.


Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumundakı çıxışı Azərbaycanın gələcək inkişaf strategiyasını, müasir şəhərsalma fəlsəfəsini və postmünaqişə dövründə həyata keçirilən genişmiqyaslı quruculuq siyasətini beynəlxalq ictimaiyyətə təqdim edən mühüm siyasi mesajlarla yadda qaldı. WUF13 kimi mötəbər beynəlxalq platformada səsləndirilən bu mesajlar Azərbaycanın təkcə regionda deyil, qlobal şəhərsalma və davamlı inkişaf gündəliyində də fəal rol oynadığını bir daha nümayiş etdirdi.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.