Dəmir yumruq » Manşet » Azərbaycan və İtaliya strateji tərəfdaşlardır
Manşet / Siyasət / Bugün, 13:39

Azərbaycan və İtaliya strateji tərəfdaşlardır

 

Azərbaycan dünyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanınır. Ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bu mənada Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı dövlətlər tərəfindən Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolu, praqmatik xarici siyasət kursu yüksək qiymətləndirilir, ölkəmizlə müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük önəm verilir.


Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Ölkələrimizin liderləri arasında yüksək səviyyəli etimad və müntəzəm xarakter daşıyan təmaslar Azərbaycan-İtaliya bağlarını daha çevik və nəticəyönümlü müstəviyə daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevlə İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Meloni arasında formalaşan konstruktiv dialoq hər iki ölkənin həm regional, həm də qlobal maraqlarına strateji məqamlarda üst-üstə düşdüyünün ən aydın təzahürüdür. Bu gün tam əminliklə demək olar ki, Bakı ilə Roma arasındakı əlaqələr qarşılıqlı etimadın ən yüksək mərhələsinə yüksələrək özünün tarixi zirvəsini yaşayır.


İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin mayın 4-də Azərbaycana səfəri bütün bu məqamları bir daha xüsusi yaddaqalan hadisə kimi nümayiş etdirdi. Səfərin xronologiyası olduqca diqqətçəkəndir. Meloninin Ermənistanda keçirilən çoxtərəfli tədbirdən dərhal sonra Bakıya gəlməsi İtaliyanın Cənubi Qafqazdakı prioritetlərini və real müttəfiqlik ünvanını aydın şəkildə təcəssüm etdirir. Bu səfər İtaliya-Azərbaycan dostluğunun fundamental xarakter daşıdığını təsdiqləyir. İtaliya bu gün Avropa İttifaqı ailəsində Azərbaycanın təkcə ən böyük ticarət tərəfdaşı deyil, həm də milli maraqlarımızın müdafiəsində çıxış edən ən sadiq strateji müttəfiqlərdən biridir. Corcia Meloninin ölkəmizə reallaşdırdığı bu tarixi səfər ölkələrimiz arasında münasibətlərin sarsılmaz bağlarını nümayiş etdirməklə yanaşı, həm də dünyaya bir mesajdır: İtaliya Azərbaycanla həmişə dost münasibətlərinə üstünlük verir. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin dərinləşməsində, Azərbaycanın Aİ-na inteqrasiyasında maraqlı ölkədir.


Ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq əlaqələri özünü ən bariz enerji sektorunda biruzə verir. Azərbaycan İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır və bu ölkənin ən mühüm tərəfdaşı kimi çıxış edir. Xüsusilə Cənub Qaz Dəhlizi və TAP layihəsi vasitəsilə Roma ilə Bakı strateji tərəfdaş kimi çıxış edir. Bu əməkdaşlıq həm iqtisadi, həm də geoiqtisadi əhəmiyyət daşıyır. Görüş çərçivəsində İtaliyanın Baş nazirinin nitqində də vurğulanıb ki, Azərbaycan Avropa ilə Asiya arasında strateji enerji və nəqliyyat qovşağı rolunu gücləndirir.


Bakı-Roma əməkdaşlığı təkcə boru xətləri ilə ölçülmür. Müdafiə sənayesi, aerokosmik texnologiyalar, dəniz təhlükəsizliyi, infrastrukturun qorunması, üçüncü ölkələrdə birgə layihələr gündəliyin yeni istiqamətləridir. İtaliya şirkətləri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərində də yaxından iştirak edir. Həmin ərazilərdə İtaliya şirkətləri tərəfindən 23 layihə həyata keçirilib və proses davam etməkdədir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya ən öncül yerlərdədir. Təbii ki, biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı, ən vacib sahələrdən biri də təhsil sahəsidir. İki ölkə arasındakı münasibətlərin mənəvi və intellektual sütununu təşkil edən ən mühüm hadisələrdən olan İtaliya-Azərbaycan Universitetinin fəaliyyəti xüsusi strateji əhəmiyyət kəsb edir. 500-dən çox gəncin təhsil aldığı bu müasir bilik ocağı prioritet sahələrdə italiyan innovasiya ruhunu Azərbaycanın böyük inkişaf potensialı ilə sintez edən unikal bir layihədir. Bu ali təhsil ocağı sadəcə bir tədris müəssisəsi deyil, iki xalqın mədəniyyətlərini bir-birinə yaxınlaşdıran, ortaq gələcəyə hesablanmış intellektual bir körpü və humanitar əməkdaşlığın ən uğurlu nümunəsidir.


Göründüyü kimi iki ölkə arasında artıq illərdir formalaşan strateji tərəfdaşlıq yeni bir mərhələyə qədəm qoyur. Bakı ilə Romanın gündəliyi kifayət qədər genişdir. Azərbaycan-İtaliya münasibətləri bütün sahələr üzrə yüksələn xətlə inkişaf edir, əlaqələr davamlı olaraq güclənir.


 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.