Dəmir yumruq » Manşet » Azərbaycan idmanı yüksək diqqət və qayğı ilə əhatə olunub
Manşet / Siyasət / Bugün, 13:49

Azərbaycan idmanı yüksək diqqət və qayğı ilə əhatə olunub

 

 

Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib.


Milli komandamızı qələbə münasibətilə təbrik edən dövlət başçısı bildirib ki, Avropa çempionatında komanda hesabında birinci olmaq böyük nailiyyətdir. Hər dəfə beynəlxalq yarışlarda bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir. Prezident xüsusi vurğulayıb ki, bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız o cümlədən idman uğurları ilə də fəxr edir.


Dövlət başçısı Azərbaycan güləşinin zəngin tarixi ənənələrə sahib olduğunu və bu ənənələrin bu gün də davam etdirildiyini vurğulayıb. Prezidentin nitqində qeyd olunub ki, tanınmış idmançılarla yanaşı, gənc güləşçilərin də yüksək nəticə əldə etməsi ölkədə məşq və seleksiya prosesinin düzgün qurulduğunu göstərir.


Görüş zamanı Azərbaycan güləşçilərinin beynəlxalq arenada qazandığı nailiyyətlərindən geniş şəkildə bəhs olunub. Qeyd olunub ki, son illərdə ölkədə idmanın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti öz nəticəsini verməkdədir. Olimpiya və dünya səviyyəli yaraşlarla yanaşı Avropa çempionatlarında da Azərbaycan idmançıları ardıcıl uğurlar qazanır və ölkəmizin bayrağını ucaldırlar. Prezident idmançıların əzmkarlığını və vətənə bağlılığını xüsusi vurğulayıb. Yeni idman komplekslərinin tikilməsi, məşq şəraitinin yaxşılaşdırılması və gənc istedadların üzə çıxarılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.


Prezidentin nitqində həmçinin qeyd olunub: “Mənim idmançılarla görüşlərim müntəzəm xarakter daşıyır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Olimpiya Komitəsinə rəhbərlik edirəm. Bu 30 ilə yaxın müddət ərzində, əlbəttə ki, bir çox müsbət məqamlar olub. Əsas odur ki, idmanın dayanıqlı inkişafı, uğurlarımızın ardıcıl şəkildə davam etməsi və gənc nəslin yetişməsi – hər şey mənim gözümün önündə keçib. Görün, neçə nəsil dəyişib, amma bu gün biz yenə də uğurlarla fəxr edirik. Əsas budur və əminəm, həm Güləş Federasiyası, həm bizim digər federasiyalarımız gələcəkdə öz işlərini elə quracaqlar ki, Azərbaycan xalqı idman yarışlarına baxanda daim sevinc hissləri keçirsin.”


Dövlət başçısı çıxışının sonunda vurğulayıb: Ölkəmizdə və xaricdə keçirilən idman yarışları idman növlərini populiyarlaşdırır. Bizim təcrübəmiz də böyükdür, çox böyük beynəlxalq yarışlar keçirmişik, həm Avropa Oyunlarını, həm İslam Həmrəyliyi Oyunlarını. Bunlar demək olar ki, Yay Olimpiya Oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB Oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirmişik. Yəni bu onu göstərir ki, ölkədə çox güclü idman potensialı var. Prezident İlham Əliyev idmançılara gələcək yarışlarda daha böyük və yeni uğurlar arzulayaraq, onların hər zaman dövlətin diqqət və dəstəyi ilə əhatə olunacağını bildirib.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.