Dəmir yumruq » Manşet » Azərbaycan-Çexiya strateji tərəfdaşlığının əsas istiqamətləri
Manşet / Siyasət / Bugün, 15:16

Azərbaycan-Çexiya strateji tərəfdaşlığının əsas istiqamətləri

 

 

Dəyişən qlobal və geosiyasi proseslər fonunda Azərbaycanın artan nüfuzu, oynadığı fəal rol Bakıya olan marağın artmasını şərtləndirir. Latviya prezidentinin ardınca Ukraynanın dövlət başçısı Volodimir Zelenskinin və Çexiyanın baş naziri Andrey Babişin Azərbaycana səfərinə məhz bu aspektdən yanaşmaq lazımdır. Bütün bu səfərlərin ana xəttini ikitərəfli əlaqələrin genişləndirilməsilə yanaşı, həm də enerji təhlükəsizliyi, eyni zamanda regional sabitliyin təmin olunmasında birgə səylərin birləşdirilməsi təşkil edir. Bu ümumi geosiyasi fon Azərbaycan ilə Çexiya arasında münasibətlərin inkişafına da müsbət təsir göstərir. Qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və beynəlxalq hüququn prinsiplərinə sadiqlik əsasında formalaşan əlaqələr son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyub. Hər iki ölkə siyasi dialoqun gücləndirilməsinə, iqtisadi əməkdaşlığın genişləndirilməsinə və enerji təhlükəsizliyi, sənaye, nəqliyyat, müdafiə sahəsi kimi strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir. Avropa ilə Cənubi Qafqaz arasında mühüm körpü rolunu oynayan Azərbaycan ilə Çexiya beynəlxalq və regional məsələlərdə də oxşar mövqelərdən çıxış edərək əməkdaşlığın coğrafiyasını və məzmununu davamlı şəkildə genişləndirirlər.


Aprelin 27-də Çex Respublikasının baş naziri Andrey Babişin ölkəmizə səfəri, səfər çərçivəsində Qəbələdə baş tutan tarixi görüş zamanı keçirilən mühüm tədbirlər, mətbuata verilən ismarıclar yol xəritəsi olaraq gələcək perspektivləri müəyyən edir. Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi ölkələrimiz arasında münasibətlər dinamik şəkildə inkişaf edir və siyasi dialoq mərhələsinə qədəm qoyub. Bu müstəvilərdə keçirilən görüşlərdə iqtisadi və bir çox sferalarda konkret layihələr müzakirə olunub və əməkdaşlığın genişləndirilməsi üçün real imkanlar mövcuddur.


Səfərin mühüm cəhədlərindən biri də onun simvolik məzmunudur. Belə ki, Andrey Babişin Avropa İttifaqından kənara ilk rəsmi səfərini Azərbaycana etməsi Bakının Avropa üçün etibarlı tərəfdaş kimi artan rolunun göstəricisidir. Regional təhlükəsizlik, Avropa enerji təhlükəsizliyi, ikitərəfli iqtisadi münasibətlər və qlobal gündəmdə yer alan məsələlər ətrafında aparılan müzakirələr Azərbaycan-Çexiya münasibətlərini real siyasi məzmun qazandığını bariz şəkildə nümayiş etdirir. Eyni zamanda Çexiyanın baş nazirinin Azərbaycanı strateji tərəfdaş adlandırması münasibətlərin səviyyəsini aydın göstərən mühüm mesajdır. Bu yanaşma Avropa İttifaqı məkanında Azərbaycanın artan rolunu, xüsusilə enerji, nəqliyyat, təhlükəsizlik kimi sahələrdə etibarlı tərəfdaş kimi qəbul edilməsinin təsdiqidir. Azərbaycanın bu gün dünyanın diqqət mərkəzində olması, səsləndirilən fikirlər heç də təsadüfi deyil. Azərbaycan özünü sabitlik təmin edən aktor kimi təqdim edir. Qəbələ görüşləri regionda yeni güc balansının formalaşdığını göstərməklə yanaşı, Avropada Azərbaycanın mövqeyini gücləndirmiş olur. Dövlət başçısı çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi vurğulayaraq ölkənin artıq bir sıra Avropa dövlətlərinə qaz ixrac etdiyini və bu konteksdə ölkənin enerji diplomatiyasının uğurunu və Avropa bazarında mövqelərinin möhkəmləndiyini göstərir. Prezident həmçinin ticarət dövriyyəsinin artırılması, investisiya mühitinin yaxşılaşdırılması və konkret layihələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində çağırışlar edib. Azərbaycanın nəqliyyat-logistika imkanlarına diqqət çəkərək, xüsusilə Şərq-Qərb nəqliyyat dəhlizinə yatırılan investisiyalara, ölkənin regional tranzit mərkəzinə çevrildiyini vurğulayıb.


Səfərin xüsusi diqqət çəkən istiqamətlərindən biri müdafiə sənayesi sahəsində əməkdaşlıqların perspektivləridir. Prezident İlham Əliyevin Çexiya ilə birgə istehsal layihələri üzərində danışıqlar aparıldığını bəyan etməsi münasibətlərdə yeni keyfiyyət mərhələsinin başlandığını göstərir. Çexiyanın bu sahədə zəngin təcrübəsi, texnoloji potensialı və müdafiə sənayesi ənənələri ilə Azərbaycanın artan istehsal imkanlarının birləşməsi qarşılıqlı faydalı sinerji formalaşdırır. Bu əməkdaşlıq həm Azərbaycanın müdafiə potensialını gücləndirə, həm də iki ölkə arasında sənaye tərəfdaşlığını daha dərin müstəviyə keçirə bilər. Çex Respublikasının baş naziri Andrey Babişin ölkəmizə səfəri çərçivəsində müdafiə sahəsində əməkdaşlığın yeni perspektivlərinin müzakirəsi qarşıdakı dövrdə bu əməkdaşlığın daha geniş miqyas alacağını və strateji əhəmiyyət daşıyacağını nəzərdə tutur.


Bütün bunlar Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir. Fəal siyasi dialoq və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə zəmin yaradır.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.