Son illər Azərbaycan çoxvektorlu siyasət yürüdərək həm Qərb, həm də postsovet məkanında əlaqələrini paralel şəkildə inkişaf etdirir. Bu balanslı siyasət Azərbaycanda xarici siyasət kursunun əsasını təşkil edir və artıq öz effektlivliyini sübut edib. Cənubi Qafqaz ilə Şərqi Avropa arasında körpü rolunu oynayan Azərbaycan-Ukrayna münasibətləri də həm regional, həm də qlobal geosiyasi dəyişikliklər fonunda da aktuallaşıb.
Azərbaycanla Ukrayna arasında münasibətlərin əsasını qarşılıqlı hörmət və beynəlxalq hüququn fundamental prinsiplərinə sadiqlik təşkil edir. 2008 və 2011-ci illərdə imzalanmış strateji tərəfdaşlıq sənədləri bu əlaqələrin hüquqi-siyasi çərçivəsini müəyyən etmiş, qarşılıqlı ərazi bütövlüyü və suverenliyin dəstəklənməsi prinsiplərini prioritet istiqamətə çevirmişdir. Son illər ölkələr arasında intensiv təmasların artması əlaqələrin dinamik inkişafından xəbər verir. 4 il ərzində 7 dəfə keçirilən görüşlər, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində aparılan dialoqlar siyasi əlaqələrin institusional və davamlı xarakter aldığını göstərir. Bu baxımdan Ukrayna prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri, Qəbələdə keçirilən tarixi görüş həm də əvvəlki təmasların məntiqi davamı kimi qiymətləndirilə bilər və ölkələrimiz arasında münasibətlərin dinamik inkişafının göstəricisidir. Mətbuata bəyanatlarla çıxışlar zamanı prezidentlər arasında əvvəlki görüşlərin nəticələrinin xatırlanması və bu səfərin əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığına dair fikirlər münasibətlərin strateji mahiyyətini bir daha təsdiqləyir. Xüsusilə müasir beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliyin artdığı bir dövrdə Azərbaycanla Ukrayna arasında əməkdaşlıq sabitlik və qarşılıqlı dəstək modelinin nümunəsi kimi çıxış edir.
Qəbələ görüşü çərçivəsində aparılan müzakirələr ikitərəfli əməkdaşlığın geniş spektrini əhatə edir. İkitərəfli əməkdaşlıq çərçivəsində başlıca olaraq enerji sahəsi prioritet istiqamət kimi ön plana çıxır. Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar və regional enerji sahəsindəki rolu Ukrayna üçün etibarlı tərəfdaş modeli yaradır. Qəbələ tarixi görüşü zamanı keçirilən görüşlərdə, prezidentlərin mətbuata bəyanatlarında əməkdaşlığın bu və ya digər istiqamətdə davam etdirilməsi məqamları geniş şəkildə şərh olundu. Dövlət başçısının nitqində enerji sahəsində olan əməkdaşlıq, xüsusilə SOCAR-ın Ukraynada fəaliyyəti və gələcək birgə investisiya imkanları iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün real zəmin formalaşdırdığı vurğulandı. Həmçinin görüşlər zamanı kənd təsərrüfatı, təhlükəsizlik, hərbi-texniki, humanitar və digər sahələrdə əməkdaşlıq xüsusi qeyd olundu.
Prezident Zelenskinin bu səfəri, səfər çərçivəsində mətbuata bəyanatla çıxışında səsləndirilən fikirlər ilk növbədə siyasi baxımdan mühüm mesajlarla yadda qaldı. Müasir dövrdə Ukraynanın üzləşdiyi təhlükəsizlik çağırışları fonunda Azərbaycan kimi strateji tərəfdaşla əlaqələrin gücləndirilməsi rəsmi Kiyev üçün prioritet istiqamətlərdən biridir. Eyni zamanda Azərbaycan da öz növbəsində beynəlxalq hüququn norma və prinsiplərinə daim dəstək verdiyini nümayiş etdirir. Bu çərçivədə iki ölkə arasında qarşılıqlı siyasi dəstək və diplomatik həmrəylik xüsusi vurğulanır. Azərbaycan-Ukrayna münasibətlərində bu etimad amili gələcək əməkdaşlığın əsas təminatıdır.
Humanitar sahədə əməkdaşlıq xüsusi qeyd olunan məqamlardan idi. Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım, xüsusilə enerji böhranı dövründə təqdim olunan dəstək paketləri və müharibədən zərər çəkmiş uşaqlara göstərilən dəstək Ukrayna prezidenti Zelenskinin nitqində qeyd olunması və bu dəstəyə görə təşəkkürünü ifadə etməsi, eyni zamanda ukraynalı uşaqların, eləcə də tələbələrin Azərbaycana səfərlərinin təşkili ilə bağlı planların açıqlanması humanitar əlaqələrin davamlı xarakter aldığını göstərir.
Tərəflər arasında hərbi-texniki əməkdaşlıq geniş müzakirə olunan məqamlardan idi. Prezident İlham Əliyev bu sahədə fikir mübadiləsinin aparıldığını və böyük perspektivlərin mövcud olduğunu bildirdi. Qeyd olundu ki, müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlıq həm ikitərəfli münasibətlərin dərinləşməsinə, həm də regional sabitliyin təmin olunmasına xidmət edə bilər.
Səfərin nəticələrindən yekun qənaətə gələrək qeyd etmək olar ki, bu səfər və keçirilən görüşlər bir daha göstərdi ki, iki ölkə arasında münasibətlər strateji xarakter daşıyır və çoxşaxəli əməkdaşlıq gündəliyi ilə zəngindir. Siyasi dialoqun intensivliyi, iqtisadi və enerji sahəsində uğurlu layihələr, eləcə də təhlükəsizlik istiqamətində perspektivlər Azərbaycan-Ukrayna tərəfdaşlığının daha da inkişaf edəcəyini deməyə əsas verir.