Bakı şəhərində uzun illərdir fəaliyyət göstərən və idarəetmə mexanizmi tez-tez tənqid hədəfinə çevrilən Mənzil Kommunal Təsərrüfatı Birlikləri (MKTB) üçün artıq yolun sonu görsənir. Paytaxtın mənzil təsərrüfatı sistemində inqilabi dəyişiklik kimi qiymətləndirilən bu addım, ölkənin 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olaraq həyata keçirilir. Əldə olunan məlumatlara görə, paytaxtdakı bütün MKTB-lərin ləğvi prosesinin bu ilin iyun ayınadək tamamilə başa çatdırılması hədəflənir.
Köhnəlmiş və çevikliyini itirmiş bu strukturların əvəzində Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərəcək yeni, vahid mənzil-kommunal təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətlərinin (MMC) yaradılması nəzərdə tutulur. Bu islahatın əsas qayəsi idarəetmədə müasir standartları tətbiq etmək, vətəndaşlara göstərilən xidmət keyfiyyətini köklü surətdə artırmaq və maliyyə şəffaflığını tam təmin etməkdir. Yeni yaradılacaq strukturlar sakinlərlə birbaşa müqavilələr əsasında çalışacaq ki, bu da tərəflər arasında hüquqi məsuliyyəti daha konkret müstəviyə daşıyacaqdır.
Məsələ ilə bağlıNOCOMMENT.az-a açıqlama verən hüquqşünasNatiq Ələsgərovbildirib ki, bu islahat mənzil-kommunal sahəsindəki hüquqi boşluqların doldurulması və idarəetmənin qanunvericiliyə tam uyğunlaşdırılması baxımından tarixi əhəmiyyət kəsb edir.
Natiq Ələsgərov
Hüquqşünasın sözlərinə görə, illərdir fəaliyyət göstərən “JEK” sisteminin ləğvi həm də Mənzil Məcəlləsinin tələblərinin icrası deməkdir, çünki müasir dövr daha şəffaf və hesabatlı bir sistem tələb edir:
“Köhnə strukturlar çox vaxt vətəndaşlar qarşısında hüquqi öhdəliklərini tam yerinə yetirmir, xidmət səviyyəsi isə ödənişlərə mütənasib olmurdu. MMC-lərin yaradılması və sakinlərlə rəsmi müqavilələrin bağlanması isə o deməkdir ki, sakinlər artıq ödədikləri hər qəpiyin müqabilində konkret xidmət tələb edə biləcəklər.
Əgər göstərilən xidmət müqavilə şərtlərinə uyğun olmazsa, vətəndaşın məhkəmə müstəvisində öz hüquqlarını qoruması daha asan olacaqdır. Vahid mənzil-kommunal müəssisələrinin qurulması mərkəzləşdirilmiş nəzarəti gücləndirəcək və bu sahədə korrupsiya risklərini minimuma endirəcəkdir. Bu proses Bakının müasir meqapolis imicinə uyğun olaraq, kommunal xidmətlərin rəqəmsallaşdırılmasına və fərdi xidmət modelinə keçidə böyük stimul verəcəkdir.
İyun ayına qədər yekunlaşması gözlənilən bu keçid dövrü sakinlər üçün daha operativ müraciət mexanizmlərinin və peşəkar texniki xidmətin başlanğıcı olacaqdır. Bu islahatın uğuru yeni yaradılacaq MMC-lərin vətəndaşlarla quracağı dialoqdan və şəffaflıq prinsiplərinə nə dərəcədə sadiq qalacağından asılı olacaq”.