Son illər paytaxtda bir sıra istismara yararsız binalar sökülərək yeniləri ilə əvəz edilib.
Ancaq buna baxmayaraq, hələ də Bakıda kifayət qədər köhnə, istismara yararsız binalar var və həmin binalar yaşayış üçün təhlükəli hesab edilir. Eyni zamanda, paytaxtda tikinti işlərinin sayı azaldığından, həmin binaların nə zaman söküləcəyi və sakinlərinin nə vaxt yeni mənzillərılə təmin ediləcəyi sual altındadır.
Bəs paytaxtda tikinti prosesinin azalması istismara yararsız binalarla bağlı hansı təhlükəni yaradır?
Məsələ ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Cebheinfo.az"-a bildirib ki, Bakıda 11 minə yaxın istismar müddətini bitirmiş köhnə çoxmənzilli yaşayış binası var:
"Yüzlərlə qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları var ki, onların da sökülərək yerinə yeni binaları yalnız özəl sektor inşa edir. Bunların qarşısının alınması, tikintilərə icazələrin sərtləşməsi, süni maneələrin yaradılması həmin qəzalı vəziyyətdə olan binaların daha da qəzalı vəziyyətdə olmasına gətirib çıxaracaq, hər hansı bir tərpənmə, təbii fəlakət, zəlzələ baş verərsə, həmin binalarda kifayət qədər insan itkisi ola bilər.
Bu baxımdan, mən düşünürəm ki, tikintilərdə icazələr sadələşməlidir. Xüsusilə də qəzalı binaları söküb yerində yeni bina inşa edən şirkətlərlə bağlı belə qərar verilə bilər.
Təbii ki, qanun çərçivəsində keyfiyyət aşağı salına bilməz, normativlərə uyğun şəkildə aparmaq şərtilə, onlara icazələrin yumşaldılması prosesinə başlanılarsa, bu, həm tikinti sektorunun yenidən canlanmasına, vətəndaşların ev probleminin aradan qalxmasına, süni artan qiymətlərin enməsinə və qəzalı binaların sökülüb paytaxt ərazisindən çıxarılmasına gətirib çıxara bilər".