Veysəloğlu Şirkətlər Qrupu gənc istedadların inkişafına dəstək göstərmək məqsədilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” layihəsinə Platin sponsor qismində qoşulub. Bu barədə Demiryumruq.az saytına şirkətən məlumat verilib.
Əməkdaşlıq çərçivəsində Şirkətlər Qrupu ölkədə biznes təhsili alan gənclərin analitik düşüncə, strateji qərarvermə və liderlik bacarıqlarının inkişafına töhfə verəcək. Müsabiqə çərçivəsində tələbələr real biznes problemləri üzərində işləyərək innovativ həllər təqdim edəcək və gələcək biznes liderləri kimi formalaşmaq imkanı qazanacaqlar.
“Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” çərçivəsində ölkənin müxtəlif ali təhsil müəssisələrindən seçilmiş tələbələr komanda şəklində çalışaraq strateji təhlil, bazar araşdırması və praktiki biznes həlləri hazırlayacaqlar. İştirakçılar layihə müddətində biznes nümayəndələri və ekspertlərlə birbaşa ünsiyyət qurmaq, mentor dəstəyi almaq və real biznes mühitinə daha yaxından bələd olmaq imkanı əldə edəcəklər.
Müsabiqənin əsas məqsədi gənclərin nəzəri biliklərini praktik biznes təcrübəsi ilə birləşdirməsinə şərait yaratmaq, onların innovativ düşüncə tərzini inkişaf etdirmək və gələcək karyeralarında uğur qazanmalarına dəstək olmaqdır.
Veysəloğlu Şirkətlər Qrupu üçün gənc nəslin inkişafına töhfə vermək və onların potensialını üzə çıxarmaq prioritet istiqamətlərdən biridir. Şirkətlər Qrupu hesab edir ki, gənclərin bilik və bacarıqlarının inkişafına yönəlmiş belə təşəbbüslər ölkədə innovativ biznes mühitinin formalaşmasına və yeni nəsil liderlərin yetişməsinə mühüm töhfə verir.
Demiryumruq.az